Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son oyununda "Zirə" "Şamaxı"nı qəbul edib. Zirə İdman Kompleksində keçirilən görüşdə "qartallar" inamlı qələbə qazanıb - 3:0.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşmada hesabı 53-cü dəqiqədə Rafael Utziq açıb. 71-ci dəqiqədə Ruan Renato hesab arasındaki fərqi artırıb. 90+3-də isə Salifu Suma matçda son nöqtəni qoyub. Bu, qvineyalının Premyer Liqadaki 9-cu qolu olub.
"Şamaxı"nın kapitanı Leroy Mikelslə müdafiəçi Vladislav Veremeyev zədələndikləri üçün meydanı vaxtından əvvəl tərk ediblər.
Bu qələbə ilə "Zirə" xallarının sayını 55-ə çatdıraraq ikinci sıradaki mövqeyini möhkəmlədib. "Şamaxı" 28 xalla 8-cidir.
Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib, “Neftçi” - “Araz-Naxçıvan” və "Kəpəz" - "Səbail" matçlarında 1:1, "Sumqayıt" - "Sabah" görüşündə isə 3:3 hesablı bərabərlik qeydə alınıb.