"“Sabahkı “Ədəbiyyat” qəzeti bu sirrin duvağını qapıb aparacaq”
Həmid Herisçinin Azərbaycan Yazıçılar Birliyinə üzv olmağı, üzvlük vəsiqəsini ona təqdim edən AYB sədri, xalq yazıçısı Anarla birgə mehriban fotusunu paylaşması təkcə ədəbi camedə deyil, ümumən ictimaiyyətdə göy üzündə qəfil çaxan şimşək effekti yaratdı. Niyə ictimaiyyətdə, çünki, Həmid Herisçinin yaradıcılığına bələd olmayanlar da onu efirdəki maarifləndirici, məlumatlandırıcı, maraqlı, sirli-sehirli layhələri ilə tanıyırlar. Yəni, Həmid Herisçi təkcə ədəbi mühitin yox, həm də cəmiyyətin adamıdır.
Cəmiyyətsə, böyük ölçüdə hazırda sosial şəbəkələrdədir. Sosial şəbəkələrsə amansızdır. Ayağını azacıq kənara qoydunmu, yıxıb sürüyəcəklər. Həmid Herisçinin AYB üzvlüyünü də AYO-çular – Azad Yazarlar Ocağı ona bağışlamadı. Statuslara nəzər salanda belə görünür ki nə vaxtsa (yeni minilliyin lap əvvəlində) Həmid Herisçi gənc yazarları (biz də elə hamıya gənc deyirik. AYO-ya toplaşanlar arasında yaşı 45-ə qədər olanlarda vardı – M.R.) “qaza” gətirib, AYO-ya tərəf çəkib. Sonra isə özü yavaşca “aradan çıxıb”. Yeri gəlmişkən, Aqşin Yenisey haqqında da indi eyni fikir var. deyirlər, Aqşin də “naxələf” çıxdı. Qayıdaq, Həmid Herisçiyə. AYB sədri Anarla foto paylaşılan kimi qiyamət yelləri əsdi.
Rasim Qaraca Orxan Saffarinin bədii “elegiyasına” bu şərhi yazdı:
- Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın "prinsipiallığına" heyrət etdim. Mübarizəni sona qədər apardı. Malades!..
Orxan Saffari isə belə yazıb:
- Qəribədir, insanlar bir yerdən sonra niyə belə olur? Doğrudanmı aid olduğu yerlərdə qazandıqları hörmət onlara kifayət etmir? Doğrudanmı yaş öz sözünü deyir? Doğrudanmı həqiqət bu qədər ucuzdur? Doğrudanmı? Doğrudanmı? Doğrudanmı? Nədir bunun adı-ehtiyac? Nədir bunun adı-məğlubluq? AYO kimi müstəqil bir düşüncəni, ideologiyanı məhz ömrün ahıl çağında satmaq nəyə lazımdır? Məgər AYB-nin üzvü olmaq indən belə Həmid Hersçiyə nə vəd edəcək? Ev? Təqaüd? Bəs ədəbi mübarizə? Bəs sənə inanan adamlar, xüsusi ilə gənclik? Bəs sənət hər şeyin fövqündəydi? Bunun adı gəncləri qaza gətirib ortada qoymaq deyilmi? Görünür, Anar hər kəsi növbə ilə məğlub etdi. Daha dəqiq, sındırıb atdı ortalığa, ətini özü götürdü, sümüyünə də yiyə duran olmadı. Bəli, bu, həqiqətdir. Bu yolda kimlər dönmədi? Kimlər sınmadı? Baxmayaraq ki, heç nə və heç kim Həmid ağanın istedadından, zəkasından nəsə almır. O, bu barədə həmişə böyükdür. Amma bir haldakı vəziyyət belədir, istedad sahibləri bu istedadlarını heç nəyə satır, onda qəzanız mübarək. Bu qaranlıq yolda, bu sınıb girilən yolda, bu geri dönüşsüz yolda Həmid Hersçiyə uğurlar olsun. Həmid Hersçinin mistikası, sehri məhz bu vəsiqə ilə öldü. Bu gündən onun yeni “Pir”-i Azərbaycan Yazıçılar Birliyidir. Tövbə qapısına xoş gəldiniz, Ağa!”
Şərif Ağın (Ağayar) statusu:
- Dəhşətli fotodur. Paşinyanın "Cıdır düzü"ndə yallı getməsi bunun yanında elə yallı getmək qədər yüngül bir işdir. İnanın. İnsanı da işğal edirlər, onun da üstündə bax beləcə yallı gedirlər. Vətəni bir gün azad eləmək mümkün olur, işğal olunan insan isə bir daha heç vaxt geri qayıtmır. Biz buna layiq deyildik”.
Sonra da “Ağ divin dostlarımızı birər-birər yediyi, hələ üstəlik feysbukda qəh-qəhə fotoları paylaşdığı bir vaxtda Əsəd Qaraqaplanın bu yazısı tutiya kimidir” deyib yazını təqdim edib:
“Yaradıcı şəxsiyyətin manifesti”
“… Sənət adamlarının şəxsiyyəti – xarakteri ilə yaradıcılığını eyniləşdirmək lazımdırmı? Məncə, lazımdır. O yerdə ki, orada şəxsiyyət – xarakter yaradıcılığa təsir edir. Heç birimiz uşaq deyilik və bilirik, kim necə düşünürsə, hansı psixoloji haldadırsa, o cür də yazır. Yəni o hala uyğun davranır. Əgər bir yaradıcı özünü müti (təslim olmuş, öz təslimiyyətini, cəsarətsizliyini elan etmiş) hiss edirsə, nə qədər istedadı və potensialı olsa belə, bunu üzə çıxarmaqda istər-istəməz kompleks yaşayır. Çünki “mən bunu hansı üzlə yaza bilərəm” düşüncəsi araya girirsə, o, daxilən çox şeyi qurban verdiyini anlayır. O an söz onu vurub kənara atır” .
… Ən qəribəsi, sənət adına şəxsiyyətsizcə edilib, üzdə olmağın sonrakı fəsadlarıdır. Xaraktersiz yaradıcılıq ucuz populyarlıqdır. Ya da özü ilə bərabər, hər kəsi aldatmağa çalışmaq. Duruş gətirmək hər kəsə görə deyil. Və sözlə – yazı halıyla – dəftər-qələmlə üz-üzə qalanda özünü nə qədər aldatmadan yaza bilirsənsə, ya da yazmaqdan nə qədər əl çəkib kim olduğunu etiraf edirsənsə, o qədər sənətkar və o qədər insansan. Gözümüzün qabağında o qədər ədəbi nəsillər məhv oldu ki. Və onda anladıq, geriyə yalnız ustadlar qalır. Həqiqətən, kimlərinsə qarşısında əyilə-əyilə həm də dik dayanaraq yazmaq necə mümkün ola bilər?! Bu ən azı adi insan şəxsiyyətinə demirəm, adi insan halına ziddir. Əmin olun, insanlar şəxsiyyətsizləri sevə-sevə oxumurlar. Hansı müddətsə kimlərinsə küyünə gedə, nəyəsə xatir onları epizodik vərəqləyə və haqlarında hətta gözəl sözlər də söyləyə bilərlər. Ya anlaqlı, ya da anlaqsız. Amma bu nə qədər gerçək, davamlı ola bilər ki?! ...
Həqiqətən, mənim inandığım bir şey var; nəsə yaza bilən biri – ən azı indiki məqamda – şəxsiyyətsiz, xaraktersiz ola bilməz. İstəsə də, alınmaz. Kim ki məğlubiyyətini – yaza bilməyəcəyini öz içində elan edir, onda deqradasiya gedir və görürük, artıq oradadır – heç vaxt istəmədiyi yerdə”.
Bu mübahisələr, söz ustalarının ustacasına söz təsvirləri barədə görəsən, Həmid Herisçi nə düşünür? Onu tənqid edənlərə cavabı necə olacaq?
Həmid herisçi ilə əlaqə saxladıq. Qısa dialoq yaşandı aramızda:
- Həmid bəy, sizin AYB-yə üzv olmağınız AYO-çuları heyrətə salıb. Niyə? Gözləmirdilər sizdən bunu? Səbəb nədir, sizcə?
Həmid Herisçi tövrünü pozmadı:
- Sabahkı (bugünki) “Ədəbiyyat” qəzeti bu sirrin duvağını qapıb aparacaq. “Əsl” duvaqqapdı isə bazar ertəsi, saat 12:00-da AYB binasında keçiriləcək mətbuat konfransında reallaşdırılacaq.
-Yəni, sizin AYB üzvlüyünüzlə bağlı xüsusi mətbuat konfarnsı olacaq?
- Bəli.
-Həmid bəy, sabahı gözləməsək, 1-2 kəlmə indi söyləsəniz, qısaca da olsa, səbəbi izah etsəniz olmaz?
– Yox, Anar müəllim deyib ki müsahibə vermə.
-İndi siz Anar müəllim nə desə onu edəcəksiz?
-Hələlik də, hələlik…
P.S. Həmid Herisçi müsahibədən yayınsa da, sosial media hesabında öz mövqeyini sərgiləyib: “Həmid Herisçinin AYB-yə keçidi ilə Azərbaycanda neoklassisizm dövrü başlayacaq… bütün sahələrdə”.