Bu gün “LIBRAFF”ın “Park Akademiya” filialında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, yazar Natiq Məmmədlinin “Sev” romanının təqdimatı keçirilib.
Tədbirə giriş sözü ilə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid başlayıb. O, N.Məmmədlinin poetik düşüncəsindən, eləcə də “Sev” romanının çağdaş ədəbiyyat üçün əhəmiyyətindən bəhs edib.
Sakura ətirli məhəbbət romanı olan “Sev” günahı yalnız bir-birini sevmək olan, iki fərqli dinə sitayiş edən gənclərin sevgisi uğrunda apardıqları mübarizədən bəhs edir. Əsər həm də əfsanəvi məhəbbət aşığı Sarı Aşığın hekayəsini təcəssüm etdirir. Aşığın bərpa olunan dastanı romanın ruhuna hoparaq ilahi sevgi anlayışını önə çəkir.
Roman dünyanı bir mətnə sığdırmağa cəhd göstərir və özündə postmodernist elementlər, realizmə ironiya, qloballaşmaya yeni münasibət və XXI əsr ədəbiyyatına fərqli baxış bucağı birləşdirir. Bu baxımdan “Sev” ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxaraq fəlsəfi-estetik mesajlar təqdim edir. Hadisələr müxtəlif zaman və coğrafiyalarda baş versə də, sevənlərin yolu sonda Odlar yurduna uzanır. Epiqrafda isə əsərin açarı belə ifadə olunur: “Yalnız sevənlər anlayar”.
Millət vəkili Elçin Mirzəbəyli əsərin mərkəzində duran sevgi anlayışının insan həyatındakı əvəzsiz rolunu qeyd edib, müəllifin yaradıcılığının gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və “Yaşasın böyük ədəbiyyat!” sözləri ilə təbriklərini ifadə edib.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə son illərdə ədəbiyyat və jurnalistikanın kəsişmə nöqtələrindən danışıb. O, Natiq Məmmədlinin üslubunun konfliktləri ifadə etməkdə mahir olduğunu, personajlarının həyatiliyinin isə romanı daha da təsirli etdiyini qeyd edib.
Daha sonra müəllif oxucularına xitab edərək əsərin yaranma prosesindən danışıb. N.Məmmədli, romanı pandemiya dövründə qələmə aldığını və ilk səhifədə yer alan “Yalnız sevənlər anlayar” fikrinin əsərin mahiyyətini açdığını vurğulayıb. Müəllif həmçinin Vətən müharibəsi və Qarabağla bağlı yeni əsər üzərində işlədiyini bildirərək, görüşlərdən birində həmin kitabı oxuculara təqdim edəcəyini qeyd edib. Müəllif çıxışını “Əgər bu dünyada sevməyə adam qalmayıbsa, özümüzü sevməyə başlamalıyıq” sözləri ilə tamamlayıb.
Sonda qonaqlar kitablarını imzaladaraq, yazarla xatirə fotosu çəkdiriblər.
Aybəniz Səfərova