Bu gün yazıçı Şərif Ağayarın 50 yaşı tamam oldu.
Şərif 16 yaşında olanda doğulduğu Laçın rayonu erməni barbarları tərəfindən işğal olundu. Dəyərli dostumuz 44 yaşına çatanda 44 günlük Vətən müharibəsində Laçın işğalçılardan azad olundu. Ondan Laçın ağrıları səngiməyib. Yazıçı üçün yeganə mövzu insan taleyidir…
Şərif Ağayar istedadlı yazıçı olmaqla yanaşı, həm də fikir və söz adamıdır. Mütaliə edir, fikirlərinin mehi adamı vurur. Azad adamdır…Yazıçlıqdan söhbət düşmüşkən Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Knut Hamsunun "Aclıq" romanının qəhramanını xatırladım.
Mahiyyət etibarilə bu əsərin süjeti yoxdur. Əyalətdən gələn və Osloda yaşayan bir gənc yazıçı olmaq istəyir. Dəhşətli əziyyətlərə, aclığa düçar olan gənci heç nə öz niyyətindən daşındıra bilmir. O, yalnız yeməkdən yox, sosial əlaqələrdən, sevgidən də məhrumdur. İnsanın öz daxili aləminə qapanması həm də insani münasibətlərin qurulmasını mümkünsüz edir. O, ictimai əzablara alışmaq istəmir, qarşısına çıxan əzabları dəf etmək istəyir. Əsərin qəhrəmanı anlayır ki, onun əhvalını tez-tez dəyişdirən aclıqdır. Ona aclığın məşəqqətlərini sınaqdan keçirmək daha asan gəlir, nəinki təkəbbüründən və inadından imtina etmək. Öz qabiliyyətinə inamı olan bu insan bütün mərhumiyyətlərə dözərək qələbə çalır və böyük bir yazıçı olur. Hamsun ilk romanı haqqında bunları dedi: «Müasir insanın irrasional ruhunu tədqiq etmək istədim».
Şərif rasionallığı ilə irrasionallığa qələbə çalıdı.
Zəruri qeyd: Şərif həm də, çox savadlı redaktordur. Yazdığım "Məktəbli fəlsəfəsi" kitabımı təmənnasız olaraq yüksək səviyyədə redaktə edib. Onun filosof olması yaradıcılığından irəli gəlir...Yazdığı kitablarda da çox incə fəlsəfi xətti var. Sadəcə duymaq lazımdır...
100 yaşa, əziz dostum. Bircə şeyi bilirəm ki, müdrikləşirsən...
Etibar Əliyev, sabiq deputat