Lənkəranda nadir hadisə: Alça ağacı ikinci dəfə bar verdi - FOTO

Lənkəranda yaz-yay mövsümündə bar verən alça ağacı dekabr ayında yenidən çiçəklənərək meyvə gətirib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qeyri-adi təbiət hadisəsi rayonun Şağlaser kəndində 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində qeydə alınıb.

Təxminən 10 il əvvəl əkilən alça ağacı bu il ilk dəfə ikinci dəfə bar verib. Ev sahibinin sözlərinə görə, ağac hər zaman bol məhsul verib, ancaq qış fəslində yenidən bar gətirməsi nadir haldır.

“Bu yaşımda ilk dəfədir alça ağacının ikinci dəfə bar verdiyini görürəm. Dekabr ayıdır, hava fəsilə uyğun deyil, isti keçir. Bağdakı ağaclar oyanıb, gül açıb. Bir alçanı dərib yemişəm — tam yetişməsə də turşuluğu yerindədir. Yetişəndə dadı daha da dəyişir” - Pənci Ağayev bildirib.

Onun sözlərinə görə, hava şaxtalı olmazsa, ağac meyvəni saxlaya bilər və yay fəslindəki dadını da verə bilər.