Makron: Ukrayna Avropaya silah istehsalı ilə bağlı "heyrətamiz bir dərs" verdi

"Ukraynadakı müharibə göstərdi ki, Avropada strateji sabitlik indi təkcə silah ehtiyatları ilə deyil, həm də onları tez bir zamanda istehsal etmək qabiliyyəti ilə təmin edilir. Bu mənada Ukrayna Avropaya "təsirli bir dərs" verdi".

Teleqraf xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron 14 iyul milli bayramı ərəfəsində çıxışı zamanı bildirib.

"Ukraynadakı müharibə açıq şəkildə göstərdi ki, bu gün Avropada strateji sabitlik artıq yalnız ehtiyatla deyil, axınla müəyyən edilir. Yalnız mövcud arsenallarla deyil, həm də onları istehsal etmək qabiliyyəti ilə müəyyən edilir. Məhz bu, düşmənləri çəkindirəcək. Ukrayna bu mənada bizə təsirli bir dərs verir, ona görə də gəlin realist olaq", - deyə Makron vurğulayıb.

Onun sözlərinə görə, Fransa artıq bir çox təşəbbüslər həyata keçirib, bir sıra prosesləri işə salıb və əvvəllər heç vaxt olmadığı qədər istehsala investisiya qoyub. O xatırladıb ki, dörd ildən bir az çox əvvəl Fransa "müharibə iqtisadiyyatı"na başlayıb, lakin hazırda bu səylər belə artıq kifayət deyil.

Makron həmçinin müdafiə sənayesini daha fəal şəkildə innovasiya etməyə və istehsal tempini artırmağa çağırıb.

Fransa prezidenti həmçinin vurğulayıb ki, Fransanın yenidən silahlanması öz ərazisini, suverenliyini, azadlığını və nəticə etibarilə bütün Avropanın təhlükəsizliyini müdafiə edən Ukraynaya dəstəyi davam etdirmək üçün zəruridir.