Fransada güclü fırtına səbəbindən 44 bölgədə narıncı xəbərdarlıq elan edilib. Avqustun 27-də başlayan və ölkənin müxtəlif ərazilərində təsirli olan fırtına zamanı küləyin sürəti saatda 142 kilometrə çatıb.
Sherg.az xəbər verir ki, güclü külək və leysan Paris də daxil olmaqla bir sıra bölgələrdə ciddi fəsadlara səbəb olub. Çox sayda ağac yollara aşıb, avtomobillərə ziyan dəyib, bəzi binaların damlarından qopan hissələr isə yollara düşərək təhlükə yaradıb.
Tennis topu boyda dolu
Fırtına ilə yanaşı, bəzi bölgələrdə tennis topu böyüklüyündə dolu yağıb. Bezanson, Montbelyar və Bon şəhərləri başda olmaqla bir çox ərazidə dolu avtomobillərin şüşələrini sındırıb və nəqliyyatda problemlər yaradıb.
Fransa ilə Almaniya və İsveçrə arasında nəqliyyat əlaqəsini təmin edən A36 avtomobil yolunda da fırtına və dolu səbəbindən ziyan qeydə alınıb.
Qatarın şüşəsi sındı
Fırtınadan sonra 26 bölgədə narıncı xəbərdarlıq qüvvədə qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü külək zamanı sərnişin qatarının şüşəsinin sınması, insanların küləyə qarşı hərəkət etməkdə çətinlik çəkməsi və küçələrdə suyun səviyyəsinin yüksəlməsi əks olunub.
Fırtınadan sonra çəkilən görüntülərdə həmçinin avtomobillərə dəyən ziyan və yollara aşan ağaclar da qeydə alınıb.