Zərifə xanım Əliyevanın adı Azərbaycan elminə qızıl hərflərlə yazılıb

Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 


Ömür yolu örnək olan şəxsiyyət 


Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanım təkcə insanlara şəfa bəxş edən, gözlərə nur verən həkim, oftalmologiya elminin inkişafında xüsusi rolu olan alim deyil, eyni zamanda görkəmli ziyalı, qayğıkeş həyat yoldaşı və ana, milyonlarla insanın qəlbində taxt qurmuş, sağlığında insanların sevimlisinə çevrilmiş əsl Azərbaycan qadını kimi Azərbaycan dövlətçilik tarixində adı əbədi yaşayacaq şəxsiyyətdir. Zərifə xanımın adı Ümummilli Lider Heydər Əliyevlə daim yanaşı çəkilir. Yüksək insani keyfiyyətlərə məxsus bu alicənab xanımın ömür yolu Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə Azərbaycan xalqının xoşbəxtliyi, firavanlığı uğrunda fəaliyyətdə keçib.       



Zərifə xanımın anım günündə onu ehtiramla xatırlayan millət vəkili Xanlar Fətiyev qeyd etdi ki, adı respublikamızın elm tarixinə qızıl hərflərlə həkk olunan dəyərli alimlərimizin sırasında Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın xüsusi yeri var: "Azərbaycan ictimaiyyəti Zərifə Əliyevanı görkəmli şəxsiyyət, böyük elm adamı, insanlara şəfa verən həkim və böyük ziyalı kimi daim ehtiramla xatırlayır. Anım günündə bir daha Zərifə Əliyevanı yad edir, xatirəsi önündə baş əyirik: 
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirən və ömrünü həkimlik peşəsinə və tibbi elminə həsr edən Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin qazandığı nailiyyətlərdə əvəzolunmaz xidmətləri var. Məhz onun oftalmologiya sahəsində apardığı tədqiqatlar və ortaya qoyduğu fundamental nəticələr ölkəmizdə tibb elminin parlaq uğurları sırasında yer alır. Xüsusilə qeyd edilməlidir ki, XX əsrin 40-cı illərinin sonunda respublikamızda geniş yayılmış, gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin qarşısının alınması məhz Zərifə Əliyevanın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn alimin təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdən xilas olub. Bununla yanaşı, Zərifə Əliyeva göz xəstəlikləri ilə bağlı elmi araşdırmalarında digər məsələlərə də diqqət yetirib. Belə ki, görmə orqanının iltihabının müalicəsi, görmə orqanının patologiyası kimi problemlərin araşdırılması da Zərifə Əliyevanın tədqiqatlarında mühüm yer tutur. Ötən əsrin 60-70-ci illərində Azərbaycanın sənaye müəssisələrinin fəaliyyətində göz sağlamlığına təsir edən məsələlər də məhz Zərifə Əliyeva tərəfindən geniş şəkildə tədqiq olunub. Zərifə Əliyeva öz elmi araşdırmalarını həm də birbaşa sənaye müəssisələrində həyata keçirib və bu zaman zərərli peşə sahələrində işləyən neçə-neçə insanı müayinə edib. Zərifə Əliyevanın oftalmologiya sahəsində araşdırmaları yalnız Azərbaycanda deyil, bütün keçmiş sovetlər məkanında tibbin bu sahəsinin inkişafına böyük təkan verib. Dəyərli alimin çoxillik müşahidələrinin, klinik tədqiqatlarının və eksperimentlərinin nəticəsi olaraq Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası bütün alimlərin yüksək qiymətini almışdı. Bu, oftalmologiyanın qeyd olunan sahəsində ilk işlərdən biri olub və 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə Əliyeva atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olub. Azərbaycan tibb elmi qarşısındakı nailiyyətlərinə və çoxillik elmi-tədqiqat işlərinə görə tibb elmləri doktoru, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ .Averbax adına mükafatına da layiq görülüb. Xüsusilə qeyd edilməlidir ki, Zərifə Əliyeva bu mükafata layiq görülən ilk azərbaycanlı qadındır. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva 150-yə yaxın elmi əsər, 12 monoqrafiya yazıb, dərs vəsaitlərinin, səmərələşdirici təkliflərin müəllifi olub. Böyük alimin “Terapevtik oftalmologiya” adlı kitabı hər zaman oftalmoloqlar üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyevanın alim kimi oftalmolagiyanın inkişafına verdiyi töhfələr misilsiz olduğu qədər, həkim kimi də fəaliyyəti nümunəviliyi ilə rəğbət qazanıb. Onun həkimlik fəaliyyətində xalqımıza, Azərbaycan qadınına məxsus ən gözəl mənəvi keyfiyyətlər özünü büruzə verib. Zərifə Əliyeva ilə bağlı xatirələrlə tanış olduqca görürük ki, o, göz xəstəliyindən əziyyət çəkənlərə yalnız həkim kimi münasibət göstərməyib. Zərifə Əliyeva həm də onların dərdinə şərik olub, ümidsizliyə qapılmağa qoymayıb, pasiyentlərə bu cür yanaşmağı özünün peşə borcu və mənəvi vəzifəsi hesab edib. Eyni zamanda, xatirələrlə və məqalələrlə tanış olduqca görürük ki, Zərifə Əliyeva özünün həkimlik təcrübəsindən çıxış edərək gənc həkimlərin formalaşmasına da böyük zəhmət sərf edib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfələr verən bir mənbədir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf edib. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. O, tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Həkim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb. Həm də ictimai fəaliyyətlə məşğul olan Zərifə Əliyeva keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərif Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb".
Millət vəkili qeyd etdi ki, Zərifə Əliyeva azərbaycanlı xanımı kimi xalqımıza məxsus ən yüksək və nəcib mənəvi dəyərlərin daşıyıcısı idi: "Azərbaycanı qalib dövlətə çevirən, torpaqlarımızın işğaldan azad edilməsinin müəllifi olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin malik olduğu yüksək mənəvi keyfiyyətlər də Heydər Əliyev və Zərifə Əliyeva kimi görkəmli və dahi şəxsiyyətlərin dünyasından ilham alır. Zərifə Əliyeva şərəfli bir ömür sürüb.  Onun ömür yolu örnək dolu bir həyat dərsidir. Anım günündə bir daha Zərifə Əliyevanı hörmətlə anır, əziz xatirəsini ehtiramla yad edirik".
Milli Məclisin deputatı Əminə Ağazadə də Zərifə xanımı ehtiramla yad edərək bildirdi ki, mənsub olduğu xalqın tarixində görkəmli şəxsiyyətlərin varlığı hər bir millət üçün fəxarətdir:  "Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Zərifə xanım eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”. Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar yetişdirib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”. Amansız ölüm akademik Zərifə xanım Əliyevanı canından artıq sevdiyi ailəsindən, xalqından çox tez ayırdı. 62 il ömür sürmüş Zərifə xanım alim və insan kimi kamillik zirvəsinə yüksəldi. Bu böyük insanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir".