Kilmarnokdan “2” ilə dönürük

  • Qabaqladığımız yeganə rəqib Cəbəllütariq seçməsidir

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində Şotlandiyaya uduzdu. Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Kilmarnokda rəqibinə 2:5 hesabıyla məğlub oldu.

Yekun gözlənilən idi. Hesab da oyuna görə oldu. Milli ilk hissədə Nəriman Axundzadənin fərdi bacarıqları hesabına qol vursa da, şotlandlar 10 dəqiqəyə geridönüş etməyi bacardı. Yığmamızı vurduğu qola peşman edən britaniyalıların ardıcıl qolları müqaviməti qırdı.

Rəqibin ilk üç qolu eyni cinahdan asmalar yekununda oldu. Müdafiədəki boşluqlar və oyunçu saxlama problemləri səbəbindən ilk hissədə qapımızda üç qol gördük. Milli ümumilikdə birinci yarıda cəmi bir təhlükə yaratdı və o da müsbət sonlandı.

Şotlandlar fasilədən sonra daha bir qol vurmağı bacardı. Psixoloji üstünlüyün rəqibə keçməsiylə millidə “dağılma” baş verdi. Şotlandlar daha rahat oynayır, top çevirirdi.

Standart vəziyyətdən sonra fərqi azaldan yığmamızda balaca ümid qığılcımı yaransa da, rəqib yenə fərqlənməklə hisslərin üstündən xətt çəkdi.

Komandada əsas problem müdafiədəki boşluqlar və yarımmüdafiə ilə hücum arasında əlaqənin olmamasıdır. Rəqibin gücü bəllidir, lakin geri çəkilmək, rəqibi arxada qəbul etmək şotlandlar qarşısında “özünə qəsd”dən başqa bir şey deyildi.

Çexiya ilə Bakıdakı 1:1-də seyvləri ilə diqqət çəkən Sadiq Məmmədzadə uğursuz çıxışı ilə diqqət çəkdi. Müdafiəçilər arasında anlaşılmazlıq açıq-aydın görünürdü. İtaliyanın “Sampdoriya” klubunda forma geyinən Lorenso Mezzotero da inamsız oynadı.

U-21 B qrupunda 9 turdan sonra 7 xalla 6 komanda arasında beşincidir. Qabaqladığımız yeganə rəqib Cəbəllütariq seçməsidir. Növbəti görüş də oktyabrın 6-da məhz onlara qarşı olacaq.