Almaniya Futbol İttifaqı (DFB) ilə Yurgen Klopp arasında mütəxəssisin Almaniya millisinin baş məşqçisi təyin olunması ilə bağlı müqavilənin əsas şərtləri razılaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Julian Naqelsmann Almaniya millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. Onun rəhbərliyi altında Almaniya yığması dünya çempionatının 1/16 final mərhələsinə yüksəlsə də, bu mərhələdə penaltilər seriyasında Paraqvaya məğlub olaraq turnirlə vidalaşıb.
Bildirilib ki, DFB artıq Yurgen Kloppla mümkün müqavilənin əsas şərtləri üzrə razılıq əldə edib. Jurnalist Fabrizio Romanonun məlumatına əsasən, tərəflər arasında imzalanacaq müqavilənin uzunmüddətli olacağı gözlənilir.
59 yaşlı Yurgen Kloppun son iş yeri İngiltərənin "Liverpul" klubu olub. O, 2015-2024-cü illərdə komandaya rəhbərlik edib.
Kloppun rəhbərliyi altında "Liverpul" 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə isə 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasının çempionu adını qazanıb.
Bundan başqa, mersisaydlılar 2022-ci ildə İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanıblar. Komanda 2019-cu ildə UEFA Superkubokunun və FIFA Klublararası Dünya Çempionatının da qalibi olub. "Liverpul" 2024-cü ildə yenidən İngiltərə Liqa Kubokunu qazanıb.
Klopp 2019 və 2020-ci illərdə FIFA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib.
Alman mütəxəssis 2001-2008-ci illərdə "Maynts" klubunun baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 2003/04 mövsümündə tarixində ilk dəfə Almaniya Bundesliqasına vəsiqə qazanıb.
2008-2015-ci illərdə isə Dortmund "Borussiya"sına rəhbərlik edən Klopp komandanı iki dəfə Almaniya çempionu (2011, 2012), bir dəfə isə Almaniya Kubokunun qalibi (2012) edib. "Borussiya" 2013-cü ildə UEFA Çempionlar Liqasının finalında Münhen "Bavariya"sına 1:2 hesabı ilə məğlub olub.