İsmayıl Şıxlı xatirələrdə


Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Natəvan adına 4 nömrəli kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsinə həsr edilmiş “İsmayıl Şıxlı xatirələrdə” mövzusunda tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə ziyalılar, Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə İctimai Birliyin sədri, Prezident təqaüdçüsü Zərəngiz Mansurova görkəmli yazıçının həyat və fəaliyyətindən söhbət açıb, Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışıb, onun tarixi şəxsiyyət kimi ölkəmizin müstəqilliyi yolunda böyük xidmətlərinin olduğunu bildirib.



Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ötən il “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Qeyd edib ki, sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə yaratdığı əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim ziyalı vətəndaş mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə Azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı atasının yazıçı olmaqla yanaşı, həm də ömrü boyu müəllim kimi çalışdığını, xalqın övladların maariflənməsi yolunda ömrünü şam kini əritdiyini bildirib. Qeyd edib ki, atası əvvəlcə orta məktəbdə, sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi çalışıb.

Neftçi-şair, Prezident təqaüdçüsü Hacı Zaməddin Ziyadoğlu, vaxtilə İsmayıl Şıxlının tələbəsi olmuş Püstə Ağabəyova, böyük kitabxanaçı Hilanə Babayeva, kitabxanaçı Esmira Zülfüqarova və başqaları böyük yazıçının əsərlərinin bu gün də böyük sevgi ilə oxunduğunu söyləyiblər.

Sonra məktəbin şagirdlərinin ifasında ədibin əsərlərindən parçalar səsləndirilib.

Sonda E.Şıxlı atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.