Paşinyan özünü o qədər itirmişdi ki, nə danışdığını bilmirdi - Millət vəkili



Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı bir daha dünya ictimaiyyəti qarısında erməni yalanlarını və Paşinyanı ifşa etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev müzakirələr zamanı bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı: “Prezident İlham Əliyev vurğuladı ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib”.

Prezident Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini bir daha bütün dünyaya bəyan etdi. Dövlət başçısı bildirdi ki, münaqişə mərhələli şəkildə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır”.

B.Əliyev bildirib ki, müzakirələr zaman Ermənistan baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb: “Paşinyan Prezident İlham Əliyevin məntilqi, tarixi faktlara söykənən arqumentləri qarşısında aciz duruma düşdü. Paşinyan o qədər çarəsiz qalmışdı ki, hanısa erməni jurnalistin yalanlarına istinad etməklə vəziyyətdən çıxmağa çalışırdı, lakin Prezident İlham Əliyev Paşinyanın söylədiklərinin Rusiyada yaşayan erməni jurnalistlər tərəfindən uydurulduğunu panel iştirakçılarının diqqətinə çatdırdı və erməni nazirin bu uğursuz cəhdinin də qarşısını almış oldu. Paşinyan özünü o qədər itirmişdi ki, nə danışdığını bilmirdi, guya eradan əvvəl yaşamış hansısa uydurma erməni kralından gülünc fikirlər söyləyirdi. Paşinyanın dedikləri panel iştirakçıları və moderatoru tərəfindən də gülünclə qarşılanırdı”.

B.Əliyev əlavə edib ki, Paşinyan, eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrini inkar etməyə çalışmaqla bir daha Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik etdiyini və işğalçı dövlət olduğunu göstərdi:

“Prezident İlham Əliyev qətnamələrlə bağlı da Paşinyanın manipulyasiya cəhdinin qarşısını aldı. Dövlət başçısı panel iştirakçılarının diqqətinə çatdırdı ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir”.

Deputat vurğulayıb ki, müzakirələr zamanı Paşinyan bir daha siyasi səriştəsizliyini, qeyri-peşəkarlığını aydın şəkildə biruzə verdi.