İctimai nəqliyyatda sürücü özbaşınalığı davam edir. Mənzil başına təhlükəsiz çatmaq istəyən sərnişinlər bir çox hallarda həyəcan içində olur, stress keçirirlər. Əlbəttə, bu zaman sürücülərin də əsəbləri tarıma çəkilir. Nəticədə sürücü və sərnişin arasındakı replikalar münaqişəyə çevrilir. Şübhəsiz ki, belə qarşıdurmalar digər sənişinlər üçün də diskomfort yaradır.
Son üç gündə paytaxtda 3 sürücü-sərnişin “atışması” yaşanıb. Belə ki, sərnişin sürücünün idarəetməsindən narazılıq etdikdə, cavab bu olur – “Get hara şikayət edirsən, et”, “Mən belə sürürəm, əccəb edirəm”, “Şikayət et, cəriməsi 50 manatdı da...ödəyərəm” və s.
Nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a açıqlamasında deyir ki, ictimai nəqliyyatda neqativ halların yaşanmasında hər iki tərəf təqsirkardır:
“Sürücülərə də, sərnişinlərə də haqq vermək olar. Gərək hər iki tərəf bir-birinə hörmət etsin, öz hüquq və vəzifələrini bilsin. Xaosun yaranmasının əsas səbəbi tərəflərin öz hüquq və vəzifələrindən xəbərsiz olmasıdır”.
Ekspertin fikrincə, sərnişin sürücü arasındakı münaqişələrə daha çox şəhərkənarı marşrut xəttlərində rast gəlinməsi təsadüfi deyil. Bu, həmin avtobuslarda kameraların, kart sisteminin quraşdırılmaması ilə əlaqədardır:
Elməddin Muradlı: “Ümumiyyətlə əsas problemlərdən biri də bəzi, xüsusilə şəhərkənarı avtobuslarda müşahidə kameralarının olmamasıdır. Məhz bu səbəbdən sürücü özbaşınalığı üçün “əlverişli şərait” yaranır”
“Əfuslar olsun ki, sürücü-sərnişin münasibətləri arzuolunan səviyyədə deyil. Sürücülər hələ də sərnişinlərə “30 qəpik” kimi baxırlar. Ancaq, düşünürəm ki, mövcud problemlər yaxın gələcəkdə öz həllini tapmalıdır. Çünki dövlət başçısının göstərişi ilə ölkəyə 300 yeni avtobus gətirilib və onlar xəttə buraxılmaq üzrədir. Həmin avtobusların texniki təminatı, o cümlədən salonda müşahidə kameralarının mövcudluğu effektli olacaq. Ümumiyyətlə əsas problemlərdən biri də bəzi, xüsusilə şəhərkənarı avtobuslarda müşahidə kameralarının olmamasıdır. Məhz bu səbəbdən sürücü özbaşınalığı üçün “əlverişli şərait” yaranır. Kamera olan avtobuslarda isə sürücülər kobud rəftardan çəkinir, öz hərəkətlərinə görə məsuliyyət daşıdıqlarını dərk edirlər. Sürücüləri özbaşına buraxmaq olmaz. Daim onların fəaliyyətinə, o cümlədən iş və istirahət rejiminə nəzarət edilməlidir. Sürücülər başa düşməlidir ki, qeyri-etik, kobud hərəkətlərin nəticəsində işlərini itirə bilərlər”.
Sürücülər bəzən qaydaları pozmaqdan, sərnişinlərin həyatını təhlükəyə atmaqdan da çəkinmirlər. Bunu sübut edən faktar kifayət qədərdir. Məsələn 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü bu günlərdə yolboyu telefonla danışıb. Sərnişinlər irad bildirdiksə isə “kimə istəyirsiniz şikayət edin” deyib. Doğrudanmı, sürücülər bu qədər sərbəstdirlər? Yəni “burda mənəm, Bağdada kor xəlifə” - deyən sürücülər görünür işlərini itirməkdən qorxmurlar”.
Ekspertin sözlərinə görə, sürücülərin tabe olduğu konkret qurumun olmaması onlara bu imkanı verir:
“Müxtəlif nəqliyyat şirkətləri sürücüləri işə götürürlər. Yəni faktiki olaraq sürücülər ancaq həmin şirkətlər qarşısında məsuliyyət daşıyırlar. Bakı Nəqliyyat Agentliyi yalnız avtobusların fəaliyyətinə nəzarət edir. Bu qurumun sürücüləri işə götürmək, onları cəzalandırmaq kimi hüquqları yoxdur. Başqa sözlə desək, o. ancaq tövsiyə verə bilər”.
E.Muradlı belə düşünür ki, sürücü-sərnişin problemlərinin həlli heç də mümkünsüz deyil. Bunun üçün idarəetmə sistemində müəyyən dəyişikliklər edilməlidir:
“Sərnişinlərlə düzgün rəftar etməyən, qayda pozan sürücülərin adları “qara siyahı”ya salınacaq və digər şirkətlər onları işə götürməyəcəklər”
“Fikrimcə, ictimai nəqliyyatın vahid mərkəzdən idarə edilməsi müsbət bəhrə verə bilər. Bu zaman nizam-intizamlı və kobud, qayda-pozmağa meyilli sürücülər müəyyənləşəcək, ikinci qrupa aid edilənlər haqqında tədbir görüləcək. Sərnişinlərlə düzgün rəftar etməyən, qayda pozan sürücülərin adları “qara siyahı”ya salınacaq və digər şirkətlər onları işə götürməyəcəklər. Ümumiyyələ, hər sürücünü işə götürmək olmaz. Bu zaman onlar psixoloji testlərdən keçməli, özləri haqqında ətraflı məlumat verməlidirlər. Nəzərə almaq lazımdır ki, hər gün yüzlərlə insanın təhlükəsizliyi bir sürücüyə həvalə edilir”.
Ekspert bütün günahı sürücüdə də axtarmağın düzgün olmadığı qənaətindədir. Çünki onlar da sərnişinlər kimi insandır:
“Düzdür, adətən sürücülər qaydaları pozurlar. Amma, sürücülərə də robot kimi yanaşmaq olmaz. Onların da əsəb sistemləri var. Sərnişin hər yerdə sürücüyə “burda saxla!” - deməməlidir. Sürücünün vəzifəsi ancaq dayanacaqlarda avtobusu saxlamaqdır. Dəfələrlə olub ki, istədikləri yerdə saxlamadıqlarına görə sərnişinlər sürücülərə əl qaldırıb, onlara zor tətbiq ediblər. Deməyim odur ki, sərnişinlər də öz məsuliyyətlərini başa düşməlidirlər”.