Komitə haqlıdır: Məcburi köçkün verilən evdə yaşamırsa...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. Bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köçkün ailəsi yerləşdirilir. 

Məsələ ilə bağlı Sherg.az-a fikirlərini bildirən millət vəkili Elman Məmmədov vurğulayıb ki, burada qeyri-qanuni heç nə yoxdur: 



Elman Məmmədov: “Mən həmişə məcburi köçkünlərin tərəfindəyəm!”


“Məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması dövlətin prioritetlərindən biridir. Onlara mənzillərin verilməsi də bu istiqamətdəki əsas addımlardandır. Mən həmişə məcburi köçkünlərin tərəfindəyəm. Ancaq  ailələr həmin evlərdə yaşamırlarsa, deməli, buna ehtiyacları yoxdur. Elə isə evlərin başqa köçkün ailələrinə verilməsi daha məqsədəuyğundur. Onu da deyim ki, bu il 7 min köçkün ailəsinə ev verilməsi planlaşdırılıb. Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması əvvəl və indi olduğu kimi, gələcəkdə də diqqətdə saxlanılacaq”. 

E.Məmmədov həmçinin bildirib ki, evlər köçkün ailələrdən alınarkən ciddi araşdırma aparılır: 

“Bu məsələyə səthi yanaşılmır. “Qaçqınkom”un yanında xüsusi komissiya fəaliyyət göstərir. Həmin komissiya köçkün ailələrin iştirakı ilə araşdırma aparır. Alilələrin illərlə həmin evlərdə yaşamadığı müəyyənləşdikdən sonra mənzillər əllərindən alınaraq, başqa köçkünlərə verilir. Yeganə məqsəd isə köçkünlərin həyat şəraitini daha da yaxşılaşdırmaqdır”.