“Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar: “Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız”.
Prezident İlham Əliyev əlavə edib ki, bu il görüləsi işlər çoxdur.
“Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər”, - deyə dövlət başçısı qeyd edib.