Dünən dövlət başçısı İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Görüşdə dövlət başçısı qeyd edib ki, əsas məqsədlərdən biri sərnişinlərin mənzil başına daha az vaxt sərf edərək, təhlükəsiz formada çatmasıdır. Prezident həmçinin bu, istiqamətdə BNA-ın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Sherg.az-a açıqlamasında bildirib ki, bu, həlli vacib əsas məsələlərdən biridir:
“Mən dövlət başçısının çıxışını diqqətlə izlədim. Prezident doğrudan da, nəqliyyat sahəsini çox dəqiq bilir. İnanıram ki, lazımi tapşırıqlar verildikdən sonra konkret problem həll olunacaq. Qeyd edim ki, sərnişin daşımalarını iki amilə - kəmiyyət və keyfiyyət meyarlarına görə qiymətləndirirlər. Birinci meyarda keyfiyyət o qədər də nəzərə alınmır. Əsas məsələ nəqliyyat vasitəsini sərnişinlərlə doldurmaqdır. Adətən paytaxtətrafı kəndlər istiqamətində hərəkət edən avtobuslar bu kriteriyaya uyğun olurlar. Keyfiyyət meyarı isə özü də dörd standarta cavab verməlidir. Onlardan biri də məhz dövlət başçısının səsləndirdiyi vaxta qənaət məsələsidir”.
Fərhad Eyyubov: “Elə marşrut xətləri var ki, orda körpü salınması mümkün deyil”
Nəqliyyat ekspertinin fikrincə, bunun üçün əsas çıxış yollarından biri marşrut xətlərininin çəkilməsinə diqqət etməkdir:
“Marşrut xətləri elə çəkilməlidir ki, sərnişinlər mənzil başına çatmaq üçün bir neçə nəqliyyat vasitəsindən istifadə etməsinlər. Onlar yalnız bir nəqliyyat vasitəsindən istifadə etmklə mənzil başına çata bilsinlər. Bu, həm zamana, həm də pula qənaətdir. İkinci bir tərəfdən isə marşrut xətləri çəkilərkən yolun mümkün qədər qısa olması, gələcəkdə nə vaxtsa körpünün salınması ehtimalı da nəzər alınmalıdır. Körpü salınmasında əsas məqsəd zamana qənaətdir. Ancaq elə marşrut xətləri var ki, orda körpü salınması mümkün deyil. Bu nöqteyi-nəzərdən marşrut xətlərinin düzgün çəkilməsi əsas məsələlərdən sırasındadır”.
ATU-nun müəllimi düşünür ki, zamana qənaət məsələsinə fərdi yanaşmaq lazımdır. Bunun üçün kompleks tədbirlər görülməli və keyfiyyət meyarındakı digər amillər də unudulmamalıdır:
“Keyfiyyat meyarının digər əsas tərkib hissələri müntəzəmlik, təhlükəsizlik, rahatlıqdır. Əgər bu nüanslar nəzərə alınarsa, həm də xeyli dərəcədə dördüncü meyara, yəni zamana qənaətə təsir edər. Sadaladığım amilləri nəzərə almadan birbaşa sonuncu meyarı həll etmək isə heç də asan deyil. Odur ki, məsələyə kompleks yanaşmağı təklif edirəm”.