Valideynlərə də psixoloji yardım göstərilməlidir - HƏKİMDƏN TÖVSİYYƏ



İtkin düşən uşaqlar tapılanda onları evdə ağır cəza gözləməməlidir



Son vaxtlar uşaqların itkin düşməsi halı artıb. Əlbəttə, bu, cəmiyyəti narahat edən əsas məsələlərdəndir. Qəribədir ki, uşaq itkin düşdüyü müddətdə göz yaşı tökən valideynlər övladları tapılandan sonra onu ağır formada cəzalandırırlar. Nəticədə isə azyaşlı daha ağır depressiv vəziyyətə düşür. 

Maraqlıdır, belə məqamlarda valideynlər övladları ilə necə davranmalıdır? 

“Sherg.az”ın sualını cavablandıran psixoloq Elnur Rüstəmovun fikrincə, əvvəlcə, hadisənin səbəbi araşdırılmalıdır: 



Psixoloq: "Valideynin övladı ilə kobud rəftarı uşaqda böyük psixoloji travmalar yaradır"


“Şübhəsiz, heç kim səbəbsiz itkin düşə bilməz. Məsələnin ilk baxışdan “təsadüf” kimi görünməsi mümkündür. Lakin mütləq hadisənin alt qatlarında valideyn-övlad münasibətlərindəki hansısa boşluq, kənar təsirlər, cəmiyyətdəki neqativ tendensiyalar, uşağın özünü təsdiqetmə həvəsi, hiperaktivlik, əqli qüsur və digər amillər dayanır. İlk növbədə bu səbəb aydınlaşmalı və ona adekvat davranış qaydası müəyyənləşməlidir”.

Psixoloqun qənaətinə görə, belə hallarda valideynin öz övladı ilə kobud rəftarı müəyyən mənada başadüşülən olsa da, təqdir edilmir. Çünki bu, uşaqda daha böyük psixoloji zədələr yarada bilər:

“Uşaq tapılana kimi ana və atalar çox narahat olur, stres keçirirlər. Ona görə də emosiyaya qapılır, soyuqqanlılıqlarını itirir və övladlarını cəzalandırmağa başlayırlar. Lakin nəzərə almaq lazımdır ki, bu, heç bir halda rəğbətlə qarşılanmır və müsbət nəticəyə gətirib çıxarmır. İmkan varsa, uşağı tapan polis bölməsində həm azyaşlıya, həm də valideynlərə ilkin psixoloji yardım göstərilməlidir. Polis bölməsində müvafiq şərait yoxdursa, hər iki tərəfə Səhiyyə Nazirliyinin xətti ilə psixoloji yardım göstərilməlidir. Lakin bütün hallarda həm uşaq, həm də valideynlər nəzarət altında olmalı, onlar reabilitasiyaya  götürülməlidirlər”.