“Hazırda tibb işçiləri ön cəbhədədir" - Nəhayət onlara münasibət dəyişməlidir

"Həkimlərin sosial müdafiəsi ilə bağlı tədbirlər gücləndirilməlidir. Bir daha sübut olundu ki, səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə ehtiyac var"


Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ veriləcək. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsi  barədə də öhdəlik götürüblər.

Sazişlə bağlı fikirlərini “Sherg.az”la bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, cəmiyyətdə tibb işçilərinə neqativ münasibət formalaşıb:

“Bəzi obyektiv və subyektiv səbəblərdən xəsətxanalarda baş verən insidentlər, xəstə ölümü kimi hallar dərhal mətbuat səhifələrinə çıxır. Bu zaman tibb işçilərinə kifayət qədər aqressiv münasibət yaranır. Hər kəs ölüm səbəbinin nə olduğunu bilmədən birbaşa həkimi günahlandırır. Amma tibb işçilərindən gözləntilər çoxdur”. 

Professorun sözlərinə görə, heç kim tibb işçilərinin maaşı, sosial müdafiəsi və həyat səviyyəsinin nə yerdə olduğunu düşünmür:

“Hazırda tibb işçiləri ön cəbhədədir. Hər kəs evində oturub, xəstələrlə məşğul olanlar isə tibb işçiləridir. Onların sosial müdafiəsi ilə bağlı qərar verilib. Bu qərarın nə dərəcədə həyata keçəcəyini demək çətindir. Nə qədər ki, cəmiyyətdə həkimə, müəllimə sevgi yoxdur, həmin cəmiyyətin perspektivi olmayacaq. Səhiyyə işçiləri ilə bağlı təsəvvürlər tam yanlışdır. İnsanların düşüncələri dəyişməlidir. Baş verən hadisələr göstərməlidir ki, ön cəbhədə insanların sağlamlığının keşiyində duranlar tibb işçiləridir. Onlar öz həyatlarını riskə atırlar. Dünyada nə qədər həkim xəstələri ilə təmasda olduğu üçün koronavirusa yoluxub öldü. Hesab edirəm ki, həkimlərin sosial müdafiəsi ilə bağlı tədbirlər gücləndirilməlidir. Bir daha sübut olundu ki, səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə ehtiyac var. Tibb işçilərinə münasibət belə davam etsə, həkimlərin çoxu ölkəni tərk edib gedəcək. Bu da həkim çatışmazlığına səbəb olacaq. Ona görə də həkimlərə olan müanasibət dəyişməlidir. Bunun üçün KİV-lər və elektron media kifayət qədər diqqətli olmalıdır”.