Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Şəki sakini Vüsal Baxışov Prezidentə məktubunda izhar edir:
“Möhtərəm cənab Prezident, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq ölkəmizə rəhbərlik etdiyiniz 17 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığınız ardıcıl, məqsədyönlü siyasətiniz biz vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilib, bu siyasətin müsbət nəticələrini hər birimiz demək olar ki, hər gün öz həyatımızda hiss edirik.
Möhtərəm cənab Prezident, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Sizin rəhbərliyinizlə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub.
Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib. Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi olaraq iqtisadi cəhətdən həssas qruplardan olan həmvətənlərimizə, sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən sosial siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir.
Möhtərəm cənab Prezident, Sizə dəstəyimizi ifadə edir, minnətdarlığımızı bildiririk”.