Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Naxçıvan Muxtar Respublikasından Kərim Kərimov ölkə başçısına yazır:
“Möhtərəm cənab Prezident, mən bir gənc olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir. Bütün dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyasının Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı bir daha sübut edir ki, ürəyi xalqla döyünən, hər bir vətəndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək, gördüyünüz işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklər tezliklə arxada qalacaq. Allah Sizi və ailənizi qorusun!”.