Koronavirusa yoluxma bütün dünyada artan templə davam edir. Virusun ikinci dalğasının başlaması mümkündür. Səbəb cəmiyyətdə olan laqeydlik, məsuliyyətsizlik, sosial izolyasiya qaydalarına əməl etməmək və maskalardan istifadə edilməməsidir. Bu gündən etibarən isə maskadan istifadə etməyən vətəndaşlar cərimə olunacaqlar. Ölkəmizdə karantin qaydalarında yumşalmalar aparıldı. Amma bundan istifadə etmək yox, əksinə daha məsuliyyətli olmaq, infeksiyanın yayılması üçün şərait yaratmamaq lazımdır.
Millət vəkili Rüfət Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, vətəndaşlar məsuliyyətləri ilə hökumətin humanist addımlarını qiymətləndirməlidirlər:
"Dövlət infeksiyanın yayılmasının qarşısını almağa görə külli miqdarda vəsait xərcləməyə hazırdır. Bircə qalır vətəndaş məsuliyyəti. Məsuliyyətsiz davrananlar virusa yoluxa bilər, çevik reaksiya göstərənlər isə sonradan böyük inkişaf yolu keçirlər. Koronavirusun çox uzun müddət davam edəcəyinə inanmıram. Lakin hər halda hələ sevinmək üçün tezdir. Səbirli, məsuliyyətli olmalıyıq”.