Ermənistan “köhnə havalar” çalır: “Niyyətləri başlarına bəla olacaq”

Rəsmi Bakı 10 noyabr bəyanatının bəndləri ilə bağlı Ermənistana cavab verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi açıqlama verib. Açıqlamada bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən açıqlaması Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir.“Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 noyabr 2020-ci il Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası “tutduqları mövqelərində dayanırlar” qeyd olunur.


Vurğulamaq istərdik ki, “dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir”.Bildirilib ki, bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu” olaraq müəyyən edilib:
“Üçtərəfli bəyanatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”.

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov mövzu barədə fikirlərini “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, Azərbaycan XİN-in gördüyü işlər kifayət qədər təqridəlayiqdir:

“Son zamanlar yaşanan bəzi məqamları xüsusilə qeyd etmək lazımdır. Məsələn, Müdafiə Nazirliyinin sülhməramlılarla bağlı açıqlaması çox maraqlıdır. Təbii ki, bundan öncə də müəyyən əlaqələr, görüş və nəticələr var idi. Ancaq mövzular ictimaiyyətin diqqətinə çatdırılmırdı. İndi isə MN öz mövqeyini ictimailəşdirib. Bu da siyasətimizin yeni bir elementidir”.

T.Zülfüqarov qeyd edib ki, XİN verdiyi bəyanatla baş verən hadisələrə rəsmi mövqeyini bildirir, bu da çox vacibdir:

“Çünki dövlət qurumlarının əsas vəzifələrindən biri budur ki, ictimaiyyətə mövcud durumu çatdırsınlar. Başa düşməliyik ki, Ermənistan keçən ilki müharibədə ciddi zərbələr alıb. Lakin onların dövlətçiliyinin əsas idealogiyası daimi şəkildə qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış etməkləridir. Həmin iddiaları reallaşdırmaq üçün xarici qüvvələrə istinadən bu siyasəti həyata keçirirlər. Biz bu siyasi cəhdin təkrarını görürük. Çünki məğlub olmuş ölkənin baş naziri yenə də açıq şəkildə ərazi iddiaları siyasətini yürüdür. Həmçinin üzərilərinə götürdükləri öhdəliklərdən yayınırlar. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri qeyd edə bilərik. Bir sözlə, ermənilərin köhnə siyasətlərinə qayıtdıqlarının şahidi oluruq. Təbii ki, onların gücləri yoxdur və ordularının içindəki vəziyyət pisdir, ölkədəki demoqrafik böhran dərinləşir. Belə bir şəraitdə əvvəlki siyasətlərini davam etdirməkləri başlarına bəla olacaq”.