Xəbər verdiyimiz kimi, Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər. Səfər bu gün sona çatır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirəsi baş tutub. Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Səfərlə bağlı “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın hərbi gəmiləri ara-sıra Azərbaycan limanında lövbər salırlar. Onun sözlərinə görə, bu səfərdə elə də böyük bir problem yoxdur:
“Düzdür, Rusiyanın siyasətindən narazılığımız var. Buna baxmayaraq, Rusiya qonşu dövlətdir və müəyyən təmaslarımız davam edir. Rus gəmilərinin Azərbaycan limanına gəlməsi o demək deyil ki, Kremllə hərbi təlimlər keçiririk. Əslində bu səfər daha çox dostluq ziyarəti sayılır. Başqa limanlara da gedə bilirlər, hətta Rusiyaya rəqib olan ölkələrdə də lövbər salırlar.
Rus gəmiləri bu dəfə lövbər salarkən milli marşımızla qarşılandılar. Lakin bütün bunlar Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməyimiz demək deyil. Son illər Rusiyadan hərbi texnika da almırıq. Bunun özü də rəsmi Moskvaya bir mesajdır.
Gəmilərin lövbər salması üçün uzaqgörən nəticə çıxarmağın əleyhinəyəm. Bu səfər cəmiyyətimizdə böyük reaksiya da doğurmadı. Müharibə və ondan sonrakı proseslər göstərir ki, ölkəmizin əsas hərbi, siyasi və strateji müttəfiqi Türkiyədir.
Bu günlərdə Azərbaycanın Xəzərdə dəniz qüvvələrinin gücünün artırılması və modernləşməsində Türkiyə ilə birgə hərbi təlimlər oldu. Qardaş ölkə hətta bu istiqamətdə bizə dəstək verdi”.
Yeganə Bayramova