Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi bildirib ki, İrəvan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır. O, işlər səmərələri olacağı halda, yüksək səviyyədə görüşlərə də hazır olduqlarını bəyan edib.
İqtisadi blokadada qalmamaq üçün kommunikasiyaların açılması, qonşu ölkələrlə normal münasibətlərin qurulması olduqca vacibdir. Son zamanlar Paşinyanın da bu yöndə səsləndirdiyi fikirlər diqqət çəkir. Baş nazir xüsusilə Türkiyəyə yönəlik müsbət açıqlamalar verərək qardaş ölkə ilə münasibətləri normallaşdırmaq istəyir.
Paşinyanın söylədiklərində kifayət qədər səmimi olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a vurğulayıb ki, onun belə açıqlamalar verməsi üzərinə götürdüyü öhdəliklərə əməl etmək məcburiyyətindən irəli gəlir:
“Ancaq Ermənistanda elə bir şərait hökm sürür ki, Paşinyan üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini çəkməli olduğunu başa düşür.
Bu baxımdan Ermənistan cəmiyyətinə mesajlar verməyə çalışır.
Yəni “məcburiyyət nəticəsində belə açıqlamalar etmişəm, ordu müharibədə məğlub olub və bunun nəticəsində müəyyən öhdəliklər ortaya çıxıb”.
Paşinyan həmin öhdəlikləri icra etmək məcburiyyətindədir, amma bir tərəfdən də məsuliyyəti üzərinə götürmək istəmir.
Ona görə də belə yollara əl atır. Ərdoğan onun xarakterini bildiyindən Paşinyanı oyundan kənar vəziyyətə salmaq üçün Gürcüstanın Baş naziri vasitəsilə etdiyi yalvarışı açıqladı. Bununla da göründü ki, Paşinyan məcburiyyət qarşısındadır.
Düşünürəm ki, Türkiyə ilə təmaslar reallaşacaq. Çünki Paşinyanın alternativi olmadığını verdiyi bəyanatla bilmiş olduq”.
Yeganə Bayramova