Xameneyinin nümayəndəsi ilk dəfə deyil Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib
İranın dini lideri Seyid Əli Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imam-cüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib. Belə ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Onun bu fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb və ciddi etirazlara səbəb olub.
Mövzu ilə bağlı ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ərdəbilin imam-cüməsi Həsən Amilinin bu cür bəyanatlar səsləndirməsi ilk dəfə deyil. İlahiyyatçı qeyd edib ki, Ərdəbilin imam-cüməsi tez-tez Azərbaycana qarşı qərəzli şəkildə xütbələr edir:
"Onun bu cür xütbələri hər zaman dindarlar və qeyri-dindarlar arasında geniş müzakirəyə çevrilib. Təbii ki, onun bu cür çıxışlarının arxasında hər hansısa bir hədəfin, planın durduğu bəllidir.
Çünki İranda dəfələrlə həm dindarlarımıza qarşı, həm də ölkəmizdə həddən artıq xidmətləri olan insanların nüfuzdan, gözdən salınması üçün belə kampaniyalar aparılır.
Bunlara şərait yaradan amillərdən də biri hər zaman Ərdəbilin imam-cüməsinin qərəzli şəkildə olan xütbələrdir.
Onun xütbələrii dövlətlərarası məsələlərə qarşı qərəzli fikirlərdir. Hətta bəzən Azərbaycanda olan dindarlara qarşı da qərəzli fikirlər yaradırlar.
Ona görə də bunu birmənalı olaraq qəbul etmirəm. Dindarların bu cür bəyanatlar verməsi əslində din və dövlət, iki ölkə arasında müəyyən söz-söhbətlərin yaranmasına gətirib çıxarda bilər.
Ərdəbil imam-cüməsi öz ölkəsinə qarşı fikrini bildirə bilər, azaddır. Onun öz ölkəsində siyasi və qeyri-siyasi məsələlərə müdaxilə etməsi öz haqq və hüquqlarıdır. Amma öz məmləkətindən kənar olan, ələlxüsus da Azərbaycana qarşı dini-siyasi məsələlərdə fikir bildirməsi düzgün deyil. Tövsiyəmiz budur ki, fikir bildirəndə də heç vaxt qərəzli fikir bildirməsin. Çünki bu, nəticədə dindarlar arasında, eyni zamanda iki dövlət arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər.
Bizim vətəndaşlarımız və siyasi xadimlərimiz iki dövlət arasında münasibətlərin pozulmasını heç vaxt istəməyib. Hər zaman qonşu dövlət olaraq bir-birimizin ehtiramını qorumalıyıq. Bir-birimizə qarşı olan münasibətlərdə də ciddi səhvlər və xətalar buraxmamalıyıq".
Aynurə Pənahqızı