Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev qeyd edib ki, Belqraddakı görüşdə müzakirə olunacaq məsələlərdən biri noyabr 12-də İstanbul sammitində gündəmə gətiriləcək məsələlərlə əlaqədardır:
“Təbii ki, Azərbaycanla Türkiyənin birgə layihələri də masaya yatızdırılıb. Ancaq hələlik bu barədə məlumat verilmir. Çavuşoğlu ilə Bayramovun görüşü eyni zamanda mesaj xarakterlidir. Əslində iki qardaş ölkə arasında müzakirə olunası hansısa problemli məsələ yoxdur. Amma bu isti münasibətlər diplomatiyanın bir metodudur. Xüsusilə, Azərbaycanı sevməyən dövlətlər də var. Təbii ki, onlar da bizi “sevən” dövlətlərə məlumat ötürəcəklər ki, Belqradda iki ölkə bir yerdə idi. Bütün bunların hamısı daha çox diplomatik qaydalara əməl olunan bir metoddur. İmkan düşdükcə Azərbaycan və Türkiyə həmin metoddan yararlanır. İnanıram ki, iki ölkə arasındakı münasibətlər daha yüksək mərhələyə keçəcək”.