Bu istiqamətdə Fransanın yardımına müsbət yanaşa bilərik
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Fansa nümayəndə heyəti ilə görüşüb. Zakir Həsənov Fransanın Piyada əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyanın (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb. Nazir Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədən sonra azad edilən ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından təmizləmə işləri ilə bağlı qonağa məlumat verib.
J.Çeşnel də öz növbəsində azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi köməklik göstərməyə hazır olduqlarını bildirib.
Görüşü “Şərq”ə şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Fransanın Vətən müharibəsi zamanı və müharibədən sonra da mövqeyini bilirik və bu mövqe Minsk qrupunun üzvü kimi qərəzli qiymətləndirilib:
“Əlbəttə, anlayırıq ki, Fransada erməni lobbisi çox güclüdür. Fransa nümayəndəsinin bu gün Azərbaycanın minalanmış sahələri ilə bağlı məlumatları var. Əgər bu gün Fransa yardımla bağlı öz təklifini verirsə, bunu Azərbaycan diplomatiyasının uğuru hesab etmək olar. Digər tərəfdən bildiyimiz kimi, Azərbaycan ərazisində iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlı Fransa hər halda birincilər sırasında deyil. Bu seçimi Azərbaycan özü edəcək. Cənab Prezident də İkinci Qarabağ müharibəsindən sonra demişdi ki, biz müharibə zamanı dostumuz kimdir bildik. Bundan sonrakı əlaqələrdə də məsələyə məhz bu prizmadan yanaşacağıq”.
Ş.Ramaldanov həmçinin qeyd edib ki, azad edilən ərazilərdə investisiyanın qoyuluşu ilə bağlı beynəlxalq qurumların və digər ölkələrin xeyli təklifləri var:
“Sadəcə mina sahələrinin hələ ki, tam təmizlənməməsi və təhlükəsizliyin bütöv şəkildə təmin edilməməsi səbəbindən hazırda bu investisiyaları qəbul edə bilmirik. Ölkəmiz üçün ilk növbədə əsas hədəf minalı ərazilərin təmizlənməsidir”.
Hərbi ekspertin sözlərinə görə, Fransa nümayəndəsinin gəlişi, təkliflə çıxışını alqışlaya bilərik:
“Hazırda mina sahələrinin təmizlənməsi ilə bağlı hər hansı bir yardım Azərbaycan üçün çox vacibdir. Çünki bu, işğaldan azad olunmuş torpaqlarımızda insanların təhlükəsizliyi, infrastrukturun bərpası və yaradılması üçün faydalıdır. Əlbəttə, biz bilmirik hansı şərtlərlə təkliflər səslənir. Hər halda o təkliflər Azərbaycan tərəfindən öyrəniləcək və qərar veriləcək.
Ş.Ramaldanov onu da diqqətə çatdırıb ki, görüş daha çox minalı ərazilərin təmizlənməsi istiqamətində olsa da, bunu siyasi addım kimi qiymətləndirir:
“Fransa nümayəndə heyəti ilə görüş onu göstərir ki, Azərbaycan geosiyasi arenada hörmət qazanmış dövlətdir. Fransa kimi ölkənin Azərbaycana belə bir təkliflə müraciət etməsi sevindirici haldır”.