Amerikalı səfirin bəyanatının pərdəarxası:“Qarabağ Azərbaycandır!”


 
“ABŞ şirkətlərinin Qarabağa gəlişi Azərbaycan ərazisinin toqquşma yox, iqtisadi maraqlarını müdafiə edəcək mərkəzə çevrilməsini zəruri edir”

“Erməni lobbisinin Rəsmi Vaşinqtona olan ümidləri kəsilir”

“ABŞ şirkətləri bölgəyə gəlirsə, İran tərəfi də öz mövqeyinə yenidən baxıb, nümunə olaraq, şirkətlərinin bu bölgədəki quruculuqda iştirakı üçün motivasiya həyata keçirməlidir”



ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ABŞ şirkətlərinin Azərbaycanda iqtisadi inkişafa yardım göstərməsindən danışıb. O qeyd edib:
 “Hesab edirəm ki, ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir. ABŞ-ın bəzi şirkətləri azad olunan ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etmək üçün əlaqələr qurublar. Əgər Azərbaycan ABŞ-ın daha çox şirkətinin investisiya qoymasında maraqlıdırsa, açıq tender keçirməsini tövsiyə edirəm. Bu tenderlər vasitəsilə ABŞ şirkətləri müraciət edə bilərlər. Bununla da  Azərbaycanın hansı istiqamətlərdə maraqlı olduqlarını və buradakı inkişafa öz tövhələrini vermələrini dəqiq bilsinlər”.

Məsələni“Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə bir neçə xarici şirkətin cəlb edilməsi prosesi aparılır: 


“Amma ölkəmizin dairəsi bu baxımdan o qədər də geniş deyil. Məsələn, bir neçə İsrail şirkəti, türk şirkəti, İtaliyadaxili şirkətlər bölgəyə investisiya qoyub, hər hansı yenidənqurmada iştirak ediblər. Bunların sırasında artıq yavaş-yavaş bəzi ölkələrin - Böyük Britaniya, Yaponiya, hətta  Çinin adı hallanır. Belə məsələlər çox önəmlidir. Dünən ABŞ səfiri tərəfindən verilən bəyanat artıq yeni bir mərhələ deməkdir. Bu, birbaşa ABŞ-ın Qarabağla bağlı mövqeyi, həmçinin Azərbaycanın qalib gəlməsinə yönəlik ABŞ-ın rəsmi yanaşmasıdır. Bundan başqa, məlum bəyanat Amerikanın Azərbaycanın ərazi bütövlüyünü  tanıması, Ermənistanın işğalçı olunduğunu qəbul etməsi və Qarabağın Azərbaycana məxsus olduğunun iqtisadi baxımından təsdiqidir. Eyni zamanda artıq ABŞ-ın bölgəyə şirkətlərlə daxil olması digər ölkələrin, o cümlədən də Avropaya məxsus məsələn, Fransanın da gəlməsini şərtləndirə bilər. Yəni artıq Azərbaycan ərazisinin toqquşma yox, iqtisadi maraqlarını müdafiə edəcək mərkəzə çevrilməsini zəruri edir. Bu aspektdən də ABŞ şirkətlərinin Azərbaycan ərazilərinə daxil olmasının bir vacib nümunəsi də orada çox güclü olan erməni lobbisinə zərbənin dəyməsi ilə bağlıdır. Yəni bu, onların dezavantajıdır. Erməni lobbisinin əvvəlki kimi təsirli fəaliyyət göstərə bilməməsinin elementlərindən biridir”. 

Ə.Əlibəyli hesab edir ki, ABŞ səfirinin açıqlaması bizim üçün qarşıdurma vəziyyəti yaradan ölkələrə də ciddi mesaj verəcək:

“Bu, ABŞ-ın Azərbaycanla bağlı siyasətində yeni yanaşmanı ortaya çıxaracaq. Erməni lobbisinin ABŞ-dan ümidləri kəsilir. Bu formatlara həm də ATƏT-in Minks qrupunun həmsədr ölkəsinin addımı kimi baxmaq lazımdır. Bizə ABŞ, o cümlədən İsrail şirkətlərinin bölgədəki fəaliyyəti maraqlıdır. İsraila yönəlik İran prizmasından hansı təsiri göstərəcəyi isə artıq məlumdur. İran bunu milli təhlükəsizlik məsələsi ilə bağlayıb, hərbi təlimlərə başladı. Hesab edirəm ki, Azərbaycan tərəfi investisiyanı açıq elan edib.  Əgər ABŞ şirkətləri bölgəyə gəlirsə, İran tərəfi də öz mövqeyinə yenidən baxıb, nümunə olaraq, şirkətlərinin bu bölgədəki quruculuqda iştirakı üçün motivasiya həyata keçirməlidir. Ona görə də bu addım böyük bir ajiotaj, əhəmiyyət yaratmaqla yanaşı dediyim istiqamətlərdə də böyük dəyişikliklərə səbəb olacaq”.