Üçtərəfli işçi qrupu ciddi işləyir

Bu formatın ən uğurlu fəaliyyəti Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr, əldə edilən razılıqlardır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı növbəti dəfə Azərbaycan-Ermənistan münasibətlərindən və Moskvanın vasitəçiliyi ilə həyata keçirilən prosesdən danışıb. Zaxarova qeyd edib ki, Rusiya Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli razılaşmaların reallaşdırılmasına xidmət edən açıqlama və addımlara sadiq qalmağı düzgün hesab edir. 

Onun sözlərinə görə, regionda nəqliyyat-kommunikasiyaların açılması məsələlərinin işlənməsi üçün ən optimal format Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupudur: “Artıq bu mexanizmin səkkiz iclası keçirilib. Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir”. 

Moskvanın üçtərəfli işçi qrupunun fəaliyyətinə xüsusi diqqət çəkməsini “Şərq”ə dəyərləndirən millət vəkili Asim Mollazadə deyib ki, Azərbaycan, Rusiya və Ermənistan rəsmilərindən ibarət üçtərəfli işçi qrupu çox mühüm məsələlər üzərində işləyir. Deputat vurğulayıb ki, işçi qrupun ən uğurlu fəaliyyəti Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr, əldə edilən razılıqlardır: 

“Dəhlizin inşası və texniki problemləri ilə bağlı anlaşmalar var. Zəngəzur dəhlizinin reallaşması Rusiyanın maraqlarına uyğundur. Çünki bu sahədə Ermənistana avtomobil və dəmir yolu vasitəsi ilə çıxış əldə edəcək. Bununla yanaşı, Türkiyə və Orta Şərqə, o cümlədən öz müttəfiqi və dostu olan İrana əlverişli gediş-gəliş imkanları qazanacaq. Əslində Zəngəzur dəhlizinin inşası sadəcə kommunikasiyalarla bağlı deyil. Bu, transport-nəqliyyat dəhlizi olmaqla yanaşı, eyni zamanda böyük ticari və iqtisadi imkanlar deməkdir. Dəhliz bölgələrarası əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. Azərbaycan artıq şimal, cənub, şərq və qərb nəqliyyat sistemlərini formalaşdırır. Ələtdə Azad İqtisadi Zona yaradılır”. 

Deputat bəyan edib ki, çoxşaxəli nəqliyyat sisteminin mövcudluğu bölgə ölkələrinə iqtisadi inkişaf imkanları verəcək: “Həmçinin, Ermənistan üçün də bu, çıxış yoludur. Dərin sosial-iqtisadi böhran içində olan Ermənistan regional əməkdaşlıqda iştirakla bir çox problemlərini həll edə bilər. Qısacası, bölgəyə sülh və əminamanlıq lazımdır. Rəsmi Bakının əsas istəyi budur. Üçtərəfli işçi qrupunun da fəaliyyət istiqaməti bu yöndədir”.