“Şərq”çilər  Həsən bəy Zərdabinin məzarını ziyarət etdilər – FOTOLAR

“Şərq” qəzetinin kollektivi 25 illik yubiley münasibəti ilə Fəxri Xiyabanda əbədi uyuyan Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
 "Sherg.az" xəbər verir ki, görkəmli maarifçinin məzarına tər qərənfillər düzən jurnalistlər “Şərq”in 25 illik yubileyində milli mətbuatın banisini ziyarət etməyi özlərinə borc bildiklərini vurğulayıblar. 

Görkəmli maarifçinin məzarı başında çıxış edən “Şərq”in baş redaktoru Akif Aşırlı deyib ki, Həsən bəy Zərdabi cəmiyyət üçün harada boşluqlar varsa, onları doldurmağa çalışıb. Baş redaktor qeyd edib ki, Həsən bəy Zərdabi Azərbaycanda teatr, xeyriyyə cəmiyyəti yaradıb, çox məşəqqətli ömür keçirib:

 “Bura Həsən bəyin üçüncü məzarıdır. İlk dəfn olunduğu yer Bibiheybət qəbirstanlığıdır. 1937-ci ilin repressiya dövründə qızına zəng edərək atasının məzarını oradan köçürməyi tapşırıblar. Qızı atasının məzarını gecə ikən açdıraraq, sümüklərini bir yeşiyə yığaraq Zabrat qəbirstanlığına aparıb.

 Mətbuatın 50 illiyi ilə bağlı bir qərar qəbul olunanda mətbuatın banisi Həsən bəy də yada düşür və məzarını axtarmağa başlayırlar. Qızı deyir ki, “atamın hər şeyini əlindən almısız, qardaşımı güllələmisiz, əl çəkin bizdən, atamın sümüklərindən nə istəyirsiz?”. 

Həsən bəyin qohum-əqrabasını dilə tutaraq onun məzarının yerini müəyyən edərək Fəxri Xiyabana gətirirlər. Həyat yoldaşı Hənifə xanım Abayevanın da məzarının burada olduğu deyilir. Azərbaycan üçün, bizim üçün canını verən kişini heç vaxt unutmayacağıq. Allah rəhmət eləsin”. 

A.Aşırlı vurğulayıb ki, “Əkinçi” qəzeti bulvarda tələbələr və gənclər vasitəsi ilə insanlara paylanılırdı: 

“Həsən bəy adamlara qəzet oxutdurmaq, onları maarifləndirmək üçün əlindən gələni əsirgəmirdi.

 Həsən bəy çox əziyyət çəkib. O həm mühərrir, həm yazar, həm də məətbəçidi idi. 

Ermənilər də onu çox incidib. O zaman müsəlman-türk mətbuatının sadəcə bir mürəttəbi var idi, o da erməni idi. “Əkinçi”nin şriftlərini həmin erməni yığırdı. Erməni mürəttəb Həsən bəydən yuxarılara donos yazırdı”. 

“Şərq”in əməkdaşları Fəxri Xiyabanda və Hüseyn Cavid parkında insanlara qəzetin sonuncu buraxılışını da paylayıblar.