“Mən bütün forumlarda Ermənistanla Azərbaycan arasındakı münaqişə məsələsini qaldırıram və bu gün də bildirmək istəyirəm ki, münaqişə həll olunub, Azərbaycan özü münaqişəni həll edib. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri həyata keçirdi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı və Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsəydi, növbəti 27 il də kağız üzərində qalardı.
Biz BMT Xartiyasının 51-ci maddəsinə istinad edərək, beynəlxalq hüquq çərçivəsində öz müdafiə hüququmuzdan istifadə etdik. Çünki nəinki BMT TŞ, o cümlədən digər beynəlxalq təsisatlar Azərbaycan ərazilərinin işğalı ilə bağlı oxşar qərarları və qətnamələri qəbul etmişdilər. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası müxtəlif vaxtlarda oxşar qərar və qətnamələri qəbul etmişdilər.
Ermənistan sadəcə status-kvonu saxlamaq istəyirdi, danışıqlar formatını yalnız münaqişəni daimi olaraq dondurmaq üçün istifadə edirdi.
Əvvəlki illər ərzində Ermənistan rəhbərliyi sadəcə göstərirdi ki, guya o, ATƏT-in Minsk Qrupu daxilində münaqişəni həll etməyə çalışır. Son bir neçə il ərzində erməni rəhbərliyi artıq açıq şəkildə bəyan edirdi ki, onlar işğal edilmiş ərazilərin bir santimetrini belə qaytarmayacaqlar. Elə bunu demək kifayət idi. Ermənistanın hazırkı baş naziri bundan iki il əvvəl Azərbaycanın işğal altındakı ərazilərində bəyanatla çıxış etdi. Qeyd etdi ki, “Qarabağ Ermənistandır” – bu, kifayət idi. Bu, əslində danışıqların sonu demək idi. İlk növbədə bu, çox ziddiyyətli və yalan bir bəyanat idi. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, “Qarabağ müstəqil ölkədir”. Dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü onu tanımayıb. Digər tərəfdən onlar deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu məqam əslində Ermənistanın ziddiyyətli siyasətini üzə çıxardı. Bütün bunlar onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi. Bu o deməkdir ki, onlar hər hansı danışıqlara son qoydular və mənim fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri təəccüblənib və çıxılmaz vəziyyətə düşüblər. Onlar bilmirdilər ki, bu bəyanatdan sonra nə etsinlər. Ermənistanın müdafiə naziri də bəyanat verərək, açıq şəkildə Azərbaycana hədələdi, qeyd etdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Yəni bu, Azərbaycanın daha çox ərazisini zəbt etmək üçün bir hədə idi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri sükut saxladılar. Yəni burada hər hansı bir pisləmə bəyanatı olmadı. Heç bir mesaj da verilmədi ki, belə bir bəyanat qəbuledilməzdir.
Əslində onların məqsədi Azərbaycanı təxribata sürükləmək idi. Məsələn, dırnaqarası inaqurasiya. Dırnaqarası qurumun Şuşada mərasim keçirməsi Azərbaycana qarşı təhqir idi. Hətta dırnaqarası separatçı parlamentin Xankəndidən Şuşaya keçirilməsi də azərbaycanlıların hisslərinə təhqir idi. Onlar anlamalı idilər ki, bizim xalqımızın hissləri ilə oynaya bilməzlər. Hər bir səbrin hüdudları var.
Daha sonra 2020-ci ildə iyul ayında sərhəddə onlar növbəti bir təxribata əl atdılar. Bizim mülki və hərbi şəxsləri qətlə yetirdilər. Daha sonra isə onlar təxribat qrupunu terror aktı törətmək üçün göndərmişdilər. Daha sonra sentyabr ayında Azərbaycanın dinc şəhərlərini, yaşayış məntəqələrini atəşə tutdular. Bundan sonra böyük addım atıldı, Vətən müharibəsi başladı. Biz onları məğlub etdik, torpaqlarımızı azad etdik və Ermənistan tələbləri qəbul etməyə məcbur edildi. Mən həmin vaxt bəyan etdim ki, Ermənistanın baş naziri bizə işğal olunmuş ərazilərdən çıxmaq cədvəlini verəndə dayanacağıq.
9 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı”, - deyə dövlət başçısı qeyd edib.