Qax rayonunda iki ailənin altı üzvü göbələkdən zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri - Məlik Şıxamirov, onun həyat yoldaşı Pəri Şıxamirova, gəlini İlhamə Şıxamirova və onun yetkinlik yaşına çatmayan qızı zəhərlənib.
Eyni zamanda, Qax şəhər sakinləri - Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da zəhərlənib.
Hər iki ailənin üzvləri Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ailə üzvlərinin göbələk yedikdən sonra zəhərləndiyi ehtimal edilir.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, Qax rayonunda iki ailənin ümumilikdə altı üzvü zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:
“İlkin müayinənin nəticəsinə əsasən onların göbələkdən zəhərləndiyi ehtimal olunur. Həmin şəxslər ərizələrində də meşə sahəsindən yığdıqları göbələyi yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildiriblər. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qax Rayon Polis Şöbəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndəriləcək”.