Azərbaycanlı alimin adı dünyanın ən nüfuzlu yüz alimi sırasında... - Foto


Azərbaycanlı elm adamlarının adları Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin son siyahısına daxil edilib. Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.

AZƏRTAC xəbər verir ki, “Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülüb.

İlk dəfə olaraq öz sahəsində dünyanın ən nüfuzlu yüz alimi sırasına həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin adı daxil edilib. İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyevin adı isə siyahıda ən nüfuzlu 500 alim sırasında yer alır.

Siyahının “Karyera boyu təsir” hissəsində qiymətləndirilənlər sırasına Abdulla Sofiyev və Çingiz Hacıyevlə yanaşı, Təhmasib Əliyev (Türkiyənin Orta Doğu Texniki Universiteti), Əlikram Əliyev (Yüzyıl Universiteti), Hüseyn Hüseynov (Atılım Universiteti), Surxay Əkbərov (Yıldız Texniki Universiteti) olmaqla qardaş ölkədə fəaliyyət göstərən altı azərbaycanlı professorun adı daxil edilib. Ümumilikdə 186 min 177 nəfərin adının yer aldığı bölüm dünya alimlərinin karyeralarının təhlili və son beş il ərzində onlar tərəfindən nəşr olunan əsərlərin dünyada təsirini özündə əks etdirir.

Siyahının “İllik təsir” kateqoriyasında da Abdulla Sofiyev, Təhmasib Əliyev, Çingiz Hacıyev, həmçinin qardaş ölkənin Bilkent Universitetinin dosenti Seymur Cahangirov, Orta Doğu Texniki Universitetinin professoru Nizami Həsənli və İstanbul Texniki Universitetinin professoru Elimhan Mahmudov olmaqla altı həmvətənimizin adı yer alır. Bu bölümdə dünya üzrə ümumilikdə 190 min 63 elm adamının öz sahəsi üzrə fəaliyyəti qiymətləndirilib.

Qeyd edək ki, siyahılardakı adlar alimlərin fəaliyyətlərinə görə əldə edilən göstəricilərə əsasən sıralanıb.