Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən B.İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb.
O, ittihmada göstərilən qiymətlərin şişirdilməsi ilə bağlı məsələyə onun aidiyyatı olmadığını deyib: "Layihəyə uyğun olaraq hər şeyin qiyməti var idi. Orada göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edirdik”.
Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərlidən binaların tikintisi zamanı nə üçün parketlərin əvəzinə laminatlardan istifadə edilməsi məsələsini soruşub.
V.Səfərli isə bildirib ki, sənəddə əvvəl laminat qeyd edilib: “Bu barədə sonra məlumatım oldu. Sonra bildim ki, ora parket vurulmalı imiş”.
Məhkəmədə digər təqsirləndirilən T.Tahirov dindirilib. O deyib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın tikintisi zamanı layihə rəhbəri və baş memar olub. O, ittihamlara özünü təqsirli bilməyib.
Təqsirləndirlilən şəxs ifadəsində V.Səfərlini şəxsən tanımadığını deyib: “Mənə binaların tikintisi üçün layihəni hazırlayıb ekspertiza idarəsinə göndərirdim. İdarədən layihə ilə bağlı rəy gələndən sonra işim başa çatırdı”.
Növbəti proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla V.Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.