Zamanın tələbidir

Təkcə dərslik məsələlərində deyil, bütün məsələlərdə türk dövlətlərinin ortaqlaşması vacibdir

"Bu tədbir Türk Şurasının təşkil etdiyi VI Zirvə görüşüdür. Bu, türk dövlətlərinin təhsil sahəsində olan əməkdaşlıq platformasıdır. Azərbaycan quruma üzv olan dövlətlər içərisində orta məktəblərində Ortaq Türk Tarixi dərsinin tədris edildiyi ilk ölkədir. Hazırda oxşar formada ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri də hazırlanır". 

Bu fikirləri Azərbaycanın Təhsil naziri Emin Əmrullayev İstanbulda keçirilən Türk Şurası dövlətlərinin təhsil nazirlərinin VI Zirvə Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, türk dövlətlərinin universitetləri arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib: "Eyni zamanda, professor və müəllim heyəti, həmçinin tələbələrin mübadiləsi istiqamətində müzakirələr edilib. İnanıram ki, müsbət nəticələr olacaq".

Mövzu ilə bağlı Əməkdar jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında deyib ki, türk dövlətlərində dərsliklərin ortaqlaşdırılması istiqamətində atılan istənilən addım təqdir olunasıdır. O qeyd edib ki, bu həm də olduqca vacib məsələdir: 

"Ona görə ki, biz eyni millətin ortaq tarixindən, ortaq coğrafiyasından, ortaq ədəbiyyatından danışırıq. Təbiidir ki, belə olan halda ayrı-ayrı dövlətlərdə fərqli yanaşma düzgün deyil, yəni bizim hər şeyimiz ortaqdır.


 Ümumiyyətlə isə təkcə dərslik məsələlərində deyil, bütün məsələlərdə türk dövlətlərinin ortaqlaşması artıq zamanın tələbidir. Yəni biz ayrı-ayrılıqda deyil, birlikdə bütün məsələlərimizlə məşğul olmalıyıq.

  Hesab edirəm ki, tədrisimiz, məktəblərimiz, universitetlərimiz, bütün hərəkətlərimiz beynəlxalq paltformalarda birlikdə olmalıdır, o cümlədən də qeyd olunan dərsliklər".