BMT post-pandemiya dönəmində öz nüfuzunu qorumaq üçün daha əməli addımlar atmalıdır
BMT-nin çağırışlarının, qətnamələrinin icra prosesi gücləndirilməlidir. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib. O qeyd edib ki, BMT və qurumları səmərəli fəaliyyət göstərməlidir: "Dünyada hələ də həllini tapmayan problemlər var. Bunlardan biri vaksinlərin ədalətli şəkildə paylanmamasıdır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə cari ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan koronavirus pandemiyasının başlandığı ilk gündən "Covid-19"-a qarşı mübarizədə həm lokal, həm qlobal səviyyədə dünyaya örnək olası addımlar atıb. Ekspert qeyd edib ki, bizim ölkəmiz əhalinin ən tez vaksinlənməsinə start verən ölkələrdən biridir:
"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə də bu məsələrdə daim tərəfdaşlıq edib. Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizə ilə məşğul olan siyasi təşkilatlar da Azərbaycanı bu məsələrdə dünyaya örnək göstərib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi tədbirdə də bu məsələlər ölkə başçısı tərəfindən, eyni zamanda digər məruzəçilər tərəfindən dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılıb. Unutmamalıyıq ki, BMT qətnamələrinin icrasının həyata keçirilməməsi ilə bağlı çox önəmli fikirlər də səsləndirildi. Azərbaycan torpaqları 30 il ərzində işğala məruz qaldı və BMT çıxardığı dörd qətnamənin icra edilməsi ilə bağlı 30 il ərzində əməli addımlar atmadı. Sonda cənab prezidentin iradəsi, ordumuzun qəhrəmanlığı sayəsində BMT-nin 4 qətnaməsi icra edildi. BMT qətnamələrinin özəlliklə koronavirus pandemiyasına qarşı mübarizədə və dünyadakı peyvənd milliyətçiliyinin qarşısının alınmasında acizliyi xüsusi düşündürücüdür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tədbirində də məruzəçilərin bir çoxu bu məsələyə toxundu.
Düşünürəm ki, səslənən fikirlər siqnal əhəmiyyəti daşımalıdır və BMT post-pandemiya dönəmində öz nüfuzunu qorumaq üçün daha əməli addımlar atmalıdır".