"Türkiyə Qafqazın əməkdaşlıq, həmrəylik və inkişaf zonasına çevrilməsinin tərəfdarıdır".
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada Azərbaycanın 44 günlük Vətən Müharibəsində Zəfər Gününə həsr olunmuş fotosərginin açılışında deyib.
Şentop qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə Qafqazda davamlı sülh və əməkdaşlığa gedən yolda əsas maneə aradan qaldırılıb.
“Qafqazda dialoq üçün zəmin formalaşıb. İrəvanın konstruktiv yanaşma nümayiş etdirmək imkanı var. Ermənistan 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin bəndlərinə hörmət etməlidir. Sülh müqaviləsi imzalanmalıdır”, - Şentop vurğulayıb.
Türkiyə parlamentinin sədri, həmçinin Qərbi Zəngəzurda dünya ticarətinə töhfə verəcək 46 kilometrlik dəhlizin açılmasını istəyib.
“Biz Ermənistanın özünün gələcəyinin prioritetlərini nəzərə alaraq İrəvandan cəsarətli və konstruktiv addımlar gözləyirik”, - Şentop əlavə edib.