“Rayonlarda qızların yetkinlik yaşına çatmasına, prinsipcə, həssas yanaşırlar”.
Bu barədə Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Eldar Zeynalov Media.Az-a açıqlamasında deyib.
“Axı 16 yaşlı qızların üçüncü övladını dünyaya gətirməsi onlar üçün qeyri-adi hal deyil və heç kim bunun araşdırma üçün səbəb olduğunu düşünmür. Əksəriyyət “qız evlidirsə, deməli problem yoxdur” mövqeyindədir”, - deyə o qeyd edib.
E.Zeynalov rayonlarda hüquq-mühafizə orqanlarının bu məsələyə necə yanaşmasına da münasibət bildirib:
“Polis idarəsində bir qayda olaraq eyni ərazidən olanlar xidmət edir. Və polisin fikirləri ümumi kütlədən çox da fərqlənmir. 14 yaşında nişanlanmaq bu dünyagörüşlü insanları təəccübləndirmir”.
O qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yetkinlik yaşına çatana qədər nikah bağlamaq mümkün olmadığından, molla “nikah” funksiyasını öz üzərinə götürür:
“Kəbinin bağlanması (İslam ailə hüququnda qadınla kişi arasında bağlanan nikah) ən azı iki şahidin iştirakı ilə (bəy tərəfdən və gəlin tərəfdən) baş verir.
Evləndikdən sonra uşaqlar dünyaya gəlir. Yeniyetmə qızların uşaqlarının doğuş prosesində iştirak edən həkimlər də baş verənlərə susurlar. İndi təsəvvür edin, ən azı bir uşağın zorlanmasında birbaşa və ya dolayısı ilə nə qədər adam məsuliyyət daşıyır”.
Zeynalov İmişlidə 11 yaşlı qızı zorlayan şəxsin neçə il cəza alacağı fikrinə də aydınlıq gətirib:
“Hesab edirəm ki, ona təxminən səkkiz il iş veriləcək. Hər halda cəzanı ağırlaşdıran hallar var, çünki zorlama nəticəsində qız hamilə qalıb və uşaq dünyaya gətirib”.