“İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası”nın təsdiq edilib.
"Report" xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.
Qərar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması ilə əlaqədar məsələləri tənzimləyir.
Qeyd edək ki, ağlabatan uyğunlaşdırma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsidir. Bu baxımdan Qərarda infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydası müəyyən edilib.
Həmçinin Qərarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırlması barədə müddəalar əks olunub.