Ancaq hələ də Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşü təşkil olunmayıb
Politoloq: "Görünür, böyük sülhün bağlanması üçün Rusiyanın da şərtləri var və bu şərtlər böyük ehtimalla Azərbaycanı qane etmir"
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov növbəti dəfə Ermənistana çağırış edib. VIII Qlobal Bakı Forumunda çıxış edən Ceyhun Bayramov bir daha Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu vurğulayıb: “Ermənistana qonşuların suverenliyinə, sərhədlərinə hörmətlə yanaşmaq, özünü nəqliyyat dalanından çıxarmaq, inkişaf edən bölgənin bir parçasına çevrilməyi təklif edirik. Azərbaycan müharibədə qalib gələn ölkə olaraq, müharibə başa çatandan sonra öz xoş niyyətini göstərərək, birtərəfli müsbət addımlar atıb”.
Nazirin sözlərinə görə, humanitar yüklərin Azərbaycan ərazisinə daxil olması, 2020-ci ilin qış aylarında Ermənistana Azərbaycan qaz nəqliyyat sistemi vasitəsilə Rusiyadan qazın verilməsi, avtomobil yolunun Ermənistan tərəfindən istifadə edilməsi Azərbaycan tərəfindən atılan müsbət addımlardır:
“Bütün bu addımlar münaqişənin keçmişdə qalmasının, Azərbaycanın gələcəyə baxışının nümunəsidir. Bu gün forumda Prezident İlham Əliyevin dediyi kimi, biz hələ bunun qarşılığını görmürük, ancaq düşünürük ki, Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə, Ermənistanın özü üçün daha yaxşı seçim ola bilər”.
Nazirin Ermənistana sülh çağırışı ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Qarabağ sazişinin bağlanmasından bir il zaman keçməsinə baxmayaraq, müqavilənin bəndlərinin həyata keçməsinə qarant duran Rusiyanın konkret nəticə verən fəaliyyəti görünmür. Partiya təmsilçisi qeyd edib ki, hələ də Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşü təşkil edilməyib:
“Azərbaycan tərəfi dəfələrlə görüşə hazır olduğunu bildirsə də, Rusiyanın protektarantında olan Ermənistan tərəfindən cavab yoxdur. Görünür, böyük sülhün bağlanması üçün Rusiyanın da şərtləri var və bu şərtlər böyük ehtimalla Azərbaycanı qane etmir. Azərbaycanın xarici işlər nazirinin növbəti dəfə sərhədlərin müəyyənləşdirilməsi və sülh çağırışı Ermənistan üçün xoşməramlı çağırış kimi qiymətləndirilməlidir. Hesab edirəm, sərhədlərin demarkasiyası və bir-birinin ərazi bütövlüyünü tanıyan sənədin imzalanması gələn ilin yazından başlayaraq rallaşacaq. İndi isə tərəflər məcazi mənada desək “qış yuxusu”na gedəcəklər”.
V.Əfəndiyevə görə, son 20-25 il ərzində MDB məkanında baş verən hadisələr mərkəzdənqaçma meyilləri ilə müşahidə olunsa da, əksər postsovet ölkələri Rusiya tərəfindən möhkəm bağlarla bərkidilib:
“Bu bağlar isə sərhədlərin qeyri-müəyyənliyi və düşünülərək süni şəkildə yaradılmış qonşu ölkələrin bir-birinə qarşı torpaq iddialarıdır. MDB-nin Avropa hissəsində davam edən qarşıdurma Azərbaycanın 44 günlük zəfər yürüşündən sonra yeni mərhələyə keçid aldı. Artıq Ukrayna və Moldova itirilmiş torpaqlarının geri qaytarılmasının mümkünlüyünü dərk etməyə başladı. Gürcüstan hakimiyyətinin rusiyayönümlü olmasına baxmayaraq, bu mövzuda güzəştə getmək fikrində deyillər. Hətta güzəşt barəsində düşünsələr də, gürcü xalqı və ictimaiyyəti buna imkan verməz. Azərbaycanın “zəfər yürüşündən” sonra MDB-nin saxta və imitasiya ilə məşğul olan qurum olduğunu konkret dərk edən üzv dövlətlər öz gələcəkləri barədə ciddi düşünməyə başladılar. Rusiya ilə sərhəd olan dövlətlər, xüsusən Qazaxıstan üçün çətin olsa da Türkiyə, Çin və Hindistanla əməkdaşlığa üstünlük verməklə yeni yol xəritəsini müəyyən edib. Rusiya ilə quru sərhədi olmayan digər dörd Orta Asiya ölkələri də Qazaxıstanın planından cəsarətləndilər. Proseslər Rusiyanı çox narahat etdiyindən uzun müddətdir ki, Lukaşenkonun Belarusu de-fakto Rusiyanın tərkibinə qatmaq təklifini rədd edən Putin bu günlərdə yeni ittifaq sazişi imzalamağa vadar oldu.
Təəssüf ki, Lukaşenko öz kürsüsünə xalqını satdı. Lakin Putinin yeni SSRİ modelində “dövlət” yaratmaq niyyəti iflas edəcək”.