İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Bu, ilk növbədə Cənab Prezidentimizin xalqa hədiyyəsidir
Zəfər Günü münasibətilə Amnistiya Aktı Milli Məclisdə müzakirəyə çıxarılıb. “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin dünən keçirilən iclasının gündəliyinə daxil edilib. Amnistiya Aktı deputatlar tərəfindən müzakirə edilib. Qeyd edək ki, Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiyanın elan olunması təşəbbüsü ilə çıxış edib. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Amnistiya Aktının layihəsinə əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər. Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur. Amnistiya Aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi gözlənilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamal Cəfərov "Şərq"ə açıqlamasında bildirib ki, bu Amnistiya Aktı vətənimizin ərazi bütövlüyü ilə bağlı hər hansısa formada zərər görən bütün şəxslərə şamil edilir. Deputat qeyd edib ki, həm əhatə dairəsinə, həm mahiyyətinə görə bu amnistiya qarşıdan gələn Zəfər Gününə layiqli bir aktdır:
"Bu, ilk növbədə Cənab Prezidentimizin xalqa hədiyyəsidir. Bunu tariximizin ən böyük amnistiya aktı kimi dəyərləndirə bilərik. Çünki o, cəmiyyətdə, respublikada böyük sevincə, şadyanalığa səbəb olub. Bu gözəl, nəcib və humanist təşəbbüsə görə cənab Prezidentə təşəkkür edirəm. Amnistiya Aktının layihəsi müfəssəldir və hesab edirəm ki, Parlamentin fəaliyyəti baxımından da ən mühüm layihələrdən biridir. Bununla yanaşı olaraq, bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Birincisi, layihənin 1.1 və 1.2-ci maddələri həm Birinci Qarabağ müharibəsi, həm İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz hadisələri, ümumilikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslərə, medal və ordenlə təltif olunan şəxslərə, müharibədə şəhid olmuş şəxslərin yaxın qohumlarına şamil edilir. İkincisi, bildiyiniz kimi Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində Gəncədə, Bərdədə bəzi ailələrdə anası həlak olan, atası həbsdə olan uşaqlar var. Bu Amnistiya Aktı onlara da şamil olunacaq. Buna görə də bu aktı təqdirəlayiq hesab edirəm".
Deputat əlavə edib ki, Amnistiya Aktı Ermənistanın təxribatı nəticəsində əlil olmuş və həlak olmuş şəxslərin yaxın qohumlarına da şamil edilir: "Amnistiya Aktının 4-cü maddəsi də vacib maddələrdən biridir. Çünki amnistiya yalnız həbsdən azad etməni deyil, həm də cəzanın müddətinin azaldılmasını ehtiva edir. Belə ki, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş şəxslərin cəzası 6 ay azaldılacaq. Bu maddənin 3 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Qeyd edim ki, böyük ictimai təhlükə törətməyən şəxslər üçün 1 il, az ağır cinayət törətmiş şəxslərin isə həbsdən çıxdıqdan sonra üzərlərində 2 il məhkumluğu olur. Bu amnistiya ilə azadlığa çıxan şəxslərin üzərindən məhkumluq da götürüləcək. Həmçinin, elə hallar var ki, bəzi şəxslər barəsində Amnistiya Aktında göstərilən maddələr üzrə hökm olmasa da prokurorluq orqanlarında istintaq aparılır və ya məhkəmə icraatı olur. Bu amnistiya ilə prokurorluq orqanları cinayət təqibi başlamayacaqlar, başlayıbsa da xitam verəcəklər, eyni zamanda məhkəmələr həmin şəxsləri cəzadan azad etməklə ittiham hökmü çıxardacaqlar. Amnistiya tətbiqinə məhdudiyyətlərlə bağlı qeyd etməliyəm ki, korrupsiya cinayətlərindən vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət vermə və digər cinayətlər bu amnistiyanın əhatə dairəsinə daxil deyil".