Rusiya və İran Ermənistanı hədələyir! - “Zəngəzur dəhlizinin açılmamasına çalışırlar”

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir. 
B.Yıldırım Bakıda jurnalistlərə açıqlamasında qeyd edib ki, bu dəhliz bütün region ölkələri üçün yaxşı nəticə verəcək:
“Dəhliz İran və digər bölgə ölkələri, o cümlədən Ermənistan tərəfi üçün də faydalıdır. İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə müsbət təsiri olacaq”. 

Dəhlizin açılmasına dair fikirlərini “Sherg.az”la bölüşən türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Zəngəzur dəhlizi bu vaxta kimi açılmalı idi:

“Çünki Laçın dəhlizi açıqdır. Amma açılmalı olan Zəngəzur dəhlizinin üzərindən 1 il keçməsinə rəğmən irəliləyiş olmayıb. Buna səbəb region ölkələrinin olayı öz maraqlarına uyğun yönləndirməsidir. Xüsusilə də İranın son günlər Azərbaycana qarşı təzyiqləri sırf Zəngəzur dəhlizi ilə bağlıdır.  Rusiya dəhlizin açılması üçün rəsmi razılıq versə də, qeyri-rəsmi olaraq İran bunun açılmasının əleyhinədir”.

Professor vurğulayıb ki,Türkiyə hər sahədə olduğu kimi 44 günlük İkinci Qarabağ müharibəsində də Azərbaycana yüksək səviyyədə dəstək verdi və buna davam edəcək:

“Türkiyə “3+3” formatı hazırlayır,amma bu, işə yaramaz. Bölgədəki prosesləri izləmək üçün görüşlər keçirilməlidir. Rusiya və İran Ermənistanı hədələyərək Zəngəzur dəhlizinin açılmamasına çalışacaq. Günahı isə Paşinyanın üzərinə atacaqlar. Türkiyə-Azərbaycan münasibətlərini pozmağa çalışaraq dəhlizin açılmasına mane olacaqlar. İran-Türkiyə bir-birilə sıx rəqabət aparmalıdır. Gürcüstan və İran regional, Rusiya isə strateji olaraq Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa, eyni zamanda Qarabağda sülhməramlı qüvvə adı altında qalmağa çalışacaq”.