10 noyabr SAZİŞİ:“Məhz Ermənistan kapitulyasiya qərarı verib”


“10 noyabr üçtərəfli bəyanatının ötən bir il ərzində müəyyən dərəcədə işlədiyinin şahidi olduq”.
Bu barədə “Sherg.az”a AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli deyib. O qeyd edib ki, sözügedən sazişin Azərbaycan üçün müsbət cəhətləri var:

“Xüsusilə də, 3 rayonumuzun müharibə olmadan boşaldılması və Zəngəzur dəhlizi ilə bağlı əldə edilən uğur önəmli məsələdir. Eyni zamanda Zəngəzur dəhlizi böyük ehtimalla işə düşəcək. 

Dəhlizlə əlaqədar Rusiya və Türkiyənin anlaşması var. Azərbaycan da bu razılaşmanın içərisindədir. Ermənistanın buna ciddi şəkildə etiraz edəcək gücü yoxdur. Çünki bu, onların əleyhinə olar. Dəhlizin açılması ilə bağlı Ermənistandan daha çox narahat olan İrandakı molla rejimdir. 

Məncə, onun da bu məsələdə Türkiyə və Rusiyaya qarşı çıxması mümkün deyil. Əslində bəzi Avropa ölkələri də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.


Alim qeyd edib ki, 3 rayonumuzun bu şərtlər altında geri qaytarılması və tarixdə bununla bağlı oxşar aktların olmasına gəlincə isə tarixən belə hadisələr olub:

“Məsələn, bir çox müharibələrdə istər, Birinci dünya,  istərsə də İkinci dünya müharibəsi, 

Rusiya-Türkiyə, Qacarlarla Rusiya, Rusiya Osmanlı, həmçinin Osmanlının Avropa ilə apardığı müharibələrdə də bəzən məğlub tərəf güzəştə getməyə məcbur olub:

“Çünki əgər hansı tərəf məğlubiyyətə uğrayırsa, digər tərəfə ya külli miqdarda təzminat ödəyir, ya da nəinki qarşı tərəfin işğal etdiyi torpaqlar, hətta özlərinə məxsus torpaqların da bir hissəsini güzəştə getmək məcburiyyətində qalıb. Kapitulyasiyanın müəyyən şərtləri var ki, ona uyğun olaraq ödəniş məqsədilə bu kimi analoji addımlar olub. Ermənistan da artıq müharibədə uduzduğunu gördüyü üçün şərtsiz olaraq müharibəni bu formada dayandırmağa razılıq verib. Geriyə addım atıb. 

Ancaq əlbəttə, bu, yeni dönəmdə, xüsusilə də XXI əsrdə bəlkə də, az hallardan biri də budur ki, məhz Ermənistan kapitulyasiya qərarı verib. 

Bu qərara əsasən işğal altındakı rayonlarımızdan 3-ü qansız və itkisiz azad olundu. Bilirik ki, 2021-ci ilin yanvarında da üçtərəfli bir görüş olub. Zaman-zaman bu kimi görüşlər olur. 

Amma ölkəmiz irəliləyişi görsün deyə Ermənistan bəzi məsələlərlə tamamilə razılaşmalıdır. Ümid edirik ki, bundan sonrakı proseslər rəsmi Bakının xeyrinə olacaq. Çünki bu məsələlərdə təkcə Azərbaycan deyil, Türkiyə və Rusiyanın anlaşması var. Ermənistan və buna etiraz etməyə çalışan İran şərtlərə əməl etməli olacaq. 

Əgər etməyəcəksə, dövlət başçısının dediyimi kimi “Dəmir yumruq” yenidən işə düşəcək. Güman edirik ki,buna ehtiyac qalmayacaq. Rəsmi İrəvan bütün öhdəlikləri yerinə yetirəcək”.