Azərbaycan dövləti müasir ordu quruculuğunda israrlıdır

“Azərbaycanın müdafiə xərcləri 404 milyon manat artırılır”
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, geosiyasi proseslər nəzərə alınmalıdır:
“Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi büdcədə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Gələn il büdcə xərclərinin 15 faizini, yəni 4 490 milyon manat təşkil edəcək. Ümumilikdə isə müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub”.

S.Şərifov həmçinin diqqətə çatdırıb ki, Nazirlər Kabineti tərəfindən “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb: “Sənəd Prezident İlham Əliyevə təqdim edilib. Sənədin böyük əhəmiyyətini nəzərə alaraq cənab Prezident İlham Əliyev tərəfindən bu sənədə baxılacaq. Daha sonra “2022-ci ilin dövlət büdcəsi” layihəsinə dəyişikliklər edilə biləcəyi gözlənilir”.
 
Müdafiə xərclərinin artırılmasının perspektivi barədə fikirlərini “Şərq”ə bölüşən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, dövlət büdcəsinin müzakirəsi həftəsini yaşayırıq:

“Belə bir dönəmdə dövlət tərəfindən milli həyatın gələcəyi ilə bağlı düşünülən ən mühüm  məsələlər müzakirə olunur. Şübhəsiz ki, bütün bunlar insanları eyni dərəcədə əhatə edir. Həmçinin onların əsas müzakirə mövzusunu təşkil edir. Media məkanında bununla bağlı müxtəlif xarakterli disskusiyalar, təhlillər, debatlar mövcuddur. Bu, çox yaxşı hadisədir. Büdcə müzakirələri yalnız müxtəlif sahələrə yönləndirilən vəsaitlərdən ibarət riyazi bir məsələ deyil. Dünyada hazırkı beynəlxalq kontekstdə və bəşəri pandemiya təhlükəsinin yaratdığı iqtisadi, sosial basqılar fonunda hər bir müəyyənləşdirilmiş iqtisadi maliyyə qərarlarının həqiqətən də özünəməxsus əhəmiyyəti var. Hazırda gerçəkdən dünyada büdcələr daha artıq dərəcədə yaşamaq yönümlü, həyatın vacib məsrəflərini müəyyənləşdirmək üzərində qurulub. Lakin belə bir dövrdə Azərbaycan dövləti yenə də özünün əvvəlki illərdə apardığı və ən sonda ona qələbə gətirən hərbi xərclərini yüksək dərəcədə büdcə vəsaitləri sırasında müəyyən edir. Bu prosesi davam etdirməkdə qərarlı olduğunu göstərir. Müharibə yetərincə silahların işlənməsi, proseslərdə sərf olunması, aparıcı, strateji xarakterli texnologiyanın burada rol oynaması deməkdir. Eləcə də hər bir atılan güllənin, mərminin, yaxud da döyüş meydanlarına qatılan tankın, topun özlüyündə yenə də ən güclü, yüksək funksionallığını və söyləndiyi kimi XXI əsrin hərbi savaşını aparmış bir dövlət kimi yüksək formasını qoruyub, saxlamaq lazımdır”.

Z.Oruc həmçinin əlavə edib ki, büdcə xərcləri sırasında müdafiə sahəsinə ayrılan  vəsaitlər 12-13 faiz civarında ən önəmli yerdədir:

“Ordu ilə bağlı dövlətin müəyyənləşdirdiyi əsas kursa ordunun modernləşdirilməsi, yeni silahların alınması, bir sıra hallarda əvvəlkilərin əvəzlənməsi, paralel şəkildə xaricdən bu cür texnoloji asılılıqların azaldılması, xüsusilə də Pakistan və qardaş Türkiyə ilə birgə hərbi sənaye kompleksinin gücləndirilməsi və genişləndirilməsi, yeni çeşiddə hərbi təyinatlı məhsulların istehsalı, o cümlədən ordumuzun qalib, qəhrəman və 70 mindən çox ordenli medalları daşıyan şəxsi heyətinin sosial ehtiyaclarının yüksək dərəcədə qarşılanması, təkcə Ermənistanla 600 km-ə yaxın  sərhədlərimizin yaxşı səviyyədə qorunması, o cümlədən İranla 132 km-lik ərazilərdə hərbi nəzarət məntəqələrinin yaradılması, burada hərbi infrastrukturun genişləndirilməsi və gücləndirilməsi tədbirləri daxildir. Bu, mahiyyət etibarilə bir tərəfdən  qələbəmizin qorunub, saxlanması deməkdir. Onun möhkəmləndirilməsinə xidmət edən prioritetlərdir. Orada ümumiyyətlə, sosial, iqtisadi xarakterli hər bir addım təhlükəsizlik mahiyyəti daşıyır. Çünki torpaqlarımıza böyük qayıdışdan sonra dönəcək vətəndaşlarımız nəticə etibarilə yenə də ordumuzun yüksək qoruması altında olacaq. Bu, vətəndaşlarımızın təhlükəsizliyinə yönələn investisiyadır. Buna görə də ordu ilə bağlı Azərbaycan əvvəlki dövrdəki kursdan imtina edərək indi müəyyən xərclərini ixtisar etməsi bölgədə fərqli siyasətlər aparmaq istəyən xarici və digər müxtəlif dairələrin, bir sıra hallarda faşist təmayüllərin solçu baxışlarının, xaricdən ixrac olunan ayrı-ayrı inqilabi proseslərin Azərbaycana qarşı təsirlərini və təzyiqlərini artırardı. Həmçinin ordunun qələbəsi fonunda bir sıra hallarda adekvat qiymətləndirilməzdi”.

Millət vəkili onu da əlavə edib ki, bəzi xərclərdəki dəyişikliklər ötən ildə hərbi əməliyyatlar zamanı zəruri tələblərin qarşısını almasına xidmət edib:

“Bütövlükdə götürdükdə Ermənistanın məğlubiyyətdən sonra öz-özlüyündə bəlkə 3 milyard dollardan artıq texnika və texnologiyasının hərbi infrastrukturu dağıdılıb. Nəticədə 700 milyon dollara yaxın büdcə ilə heç bir parametr üzrə Azərbaycanla rəqabət apara bilməyəcəyi ortadadır. İndi dron zavodları yaratmağa başlayıblar. Müasir süni intellekt məhsulları ilə Silahlı Qüvvələrini təchiz edəcəklərini söyləyirlər. Sovet Amerika yarışması kimi hansısa bir rəqabətə qoşulmağa çalışırlar. Halbuki bu, sadə erməni vətəndaşlarının boğazından kəsilən vəsaitlərdir. Onu orduya yönəltməyə cəhd edirlər. 

Həm vəsaitlər, həm də iqtisadi güclər savaşırsa, yenə də o şəraitdə Ermənistan Azərbaycanın hərbi xərcləri ilə müqayisədə təxminən 6-7 dəfəyə yaxın geri qalır”.