Paşinyandan Soçi görüşü öncəsi blef: Gizlinlər bənd-bənd izah edildi - TƏHLİL 


“Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Soçidə görüş keçiriləcək. Soçi görüşü dekabrın 15-də reallaşacaq İlham Əliyevlə Nikol Paşinyanın Brüssel danışıqlarına müqəddimənin hazırlanmasıdır, çünki müharibə bitdikdən sonra onlar yalnız Moskvanın təşəbbüsü ilə görüşüblər”. 
Bu barədə “Sherg.az”a siyasi şərhçi Aqşin Kərimov N.Paşinyanın Soçi görüşü öncəsi verdiyi blef dolu açıqlamaları şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya indi təşəbbüskarlığını əldən verən təəssüratların yaranmasına belə qarşı çıxır:

“Görüşdən əvvəl Nikol Paşinyan çıxışlarına forma baxımından aqressiv ton verməyə çalışsa da, məsələnin məzmununda Ermənistanın Azərbaycan qarşısında növbəti güzəştlərə gedəcəyinin anonsu dayanır. Bir sözlə, Paşinyan blef edir. Paşinyan gerçəkliyi müxtəlif epitetlər altında gizlətməyə çalışsa da, əvvəlki bəyanatlarının reallıqla tərs mütənasiblik təşkil etməsi onun yenə də blefə əl atdığını göstərir. Nikol Paşinyan deyib ki, Zəngəzur dəhlizi olmayacaq”. 

Ekspert N.Paşinyanın yalanlar müəllifinə çevrildiyini bənd-bənd izah edib:

Birincisi, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması üçün beynəlxalq güclərin səylərini regiona inteqrasiya etməyi bacarıb, yeni dünya düzənində Zəngəzur dəhlizinin açılması qaçılmaz şəkil alır. Zəngəzur dəhlizi Rusiya, Türkiyə, Çin və Avropaya faydalar gətirən platforma rolunu oynayacaq. Cənubi Qafqazda Azərbaycanın yeni dünya nizamında öz çəkisini artırmağa çalışan Britaniya ilə də prioritetləri üst-üstə düşür. Britaniya amilini ona görə ayrıca qeyd edirəm ki, London “Brexit”dən sonra üzünü Asiya məkanına tutub və burada yeni güc formalaşdırmağı planlayır. Bu məsələdə Azərbaycan və Türkiyə ilə maraqlarını uzlaşdırır.  Bəs belə bir konfiqurasiyada Ermənistan proseslərə müdaxilə etmək imkanlarını əlində saxlayan resurslara sahibdirmi? Təbii ki xeyr. 

İkincisi, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan postmüharibə dövründə sərhəd zonasında strateji yüksəkliklərə yiyələnib. Bu, Bakının hərbi strategiyasının ümumi dövlət maraqlarının təmin edilməsinə hesablanmış uyğunlaşdırmadır. 
Üçüncüsü, Azərbaycan dəhlizin açılması üçün infrastruktur layihələrinə başlayıb, bu məsələnin iqtisadi tərəfidir, İrəvan isə qeyri-adekvatlıq nümayiş etdirdikcə, Bakı “hücum iqtisadiyyatı” modelini tətbiq edərək Ermənistan üçün əlavə iqtisadi böhran yaradan mexanizmlərini işə salır. Azərbaycanın Gorus-Qafan yolundakı və Qafan-Çakaten yolunda qurduğu postlar Ermənistan iqtisadiyyatı ətrafındakı mühasirəni daraldır. 

Dördüncüsü, Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün İrəvan qarşısında şərtlər qoyur: Birinci şərt budur ki, revanşist duyğulardan əl çəksin və Azərbaycanın ərazi bütövlüyünü tanısın. 

Digər şərt isə budur ki, Zəngəzur dəhlizinin açılması prosesini çətinləşdirən faktora çevrilməsin. Elə Paşinyan özü də noyabrın 23-də etdiyi çıxışında özünü ziddiyyətin içərisinə salıb, dəhliz olmayacağını deməməsi fonunda başqa bir açıqlama verməsi diqqət çəkir: Paşinyan qeyd edir ki, Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq, bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur. 

Bəs hansı marşrut Ermənistanın bu istəyini gerçəkləşdirən səbəbə çevrilər? Təbii ki, ən münbit platforma Zəngəzur dəhlizidir, bu koridor İrəvana dəmir yolu layihələri üçün sərfəli və unikal imkanlar təqdim edir”. 

A.Kərimov hesab edir ki, N.Paşinyanın dilindən çıxardığı sözlərlə əslində erməni cəmiyyətini yeni itkilərə hazırlayan zəmin yaradır:

“Çünki N.Paşinyan başa düşür ki, İlham Əliyev dediyini edir – ya hərb yolu ilə ya da ki diplomatik təmaslarla. Azərbaycan prezidenti bu ilin aprelində “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” bəyanatını səsləndirmişdi, may ayından etibarən isə sərhəddə, o cümlədən Naxçıvanda möhkəmlənmə işlərinə start verildi və proses bu gün də davam edir. Belə olan təqdirdə, Paşinyan nəyə, kimə, hansı resurslarla, hansı səbəblərlə etiraz edir və ya öz “gücünü” göstərir? 
Burada bir versiya da önə çıxır ki, Paşinyan belə çıxışlar etməklə hələ də hansısa dövlətdən yardım umduğunu dilə gətirir, ancaq  bu da hədərdir”. 

Müsahibimiz onu da əlavə edib ki, digər bir məqama da diqqət etmək zərurəti yaranır:

“Söhbət ondan gedir ki, sərhədlərin müyyənləşməsində Kreml Azərbaycana dəstək verir və Ermənistana təzyiq üçün yeni alətləri işə salır. Noyabrın 9-da gözlənilən görüşdən imtina edən Paşinyana cavab ağır oldu, bunu baş nazir özü də etiraf edib.

Azərbaycanın, Türkiyənin, Rusiyanın diktələri altında əzilən Paşinyan hökuməti Soçi-Brüssel xəttində özünə haqq qazandıran yalanlara müraciət edir. 

Proseslərin gedişatı sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq, Bakının isə şərti sadədir: Ərazi bütövlüyümü tanı! 
Paşinyan 1991-ci il sənədinə istinad edərək bunu birbaşa olmasa da, etiraf edib, yəni deyib ki, Azərbaycanla Ermənistan MDB-yə girəndə bir-birinin ərazi bütövlüyünü tanıyıb (Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə üzv olub, amma proses əvvəldən başlamışdı, sadəcə AXC hökuməti üzvlüyü dayandırdı). 

Paşinyan prosesləri yaxşı dərk edir, Soçi görüşündə hər hansı sənədin imzalanmaması ehtimalından yanaşsaq belə, deyə bilərik ki, həmin danışıqlarda diktələr əsasında şifahi formada razılaşmalar olacaq. 

Rusiya Prezidenti Vladimir Putin də Paşinyanı cəzalandırır, ona öz yerini göstərir, buna görə də, Kreml başçısının da Paşinyanı hansısa razılaşmaya məcbur edir. 

Çünki Putinin üçtərəfli bəyanatlarda imzası var, indi Putin bu imzası ətrafında şübhələr yaranmasını istəmir. 
Ancaq Rusiya sərhəd məsələsindən fərqli olaraq Xankəndi məsələsində fərqli davranır, burada “B” planı kimi Moskvanın cəhdləri fərqlidir. Bu məsələni başqa mövzuda qeyd edəcəyik...”.