Sancar Şuşa səfəri ilə məkrli qüvvələri “SANCDI”!- “...Güc mərkəzlərinə qarşı idi” 

Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Nobel mükafatı laureatı, professor Əziz Sancar Şuşaya səfər ediblər .APA-nın məlumatına görə, bu barədə C. Bağçı “Tvitter”də paylaşım edib. Səfir Şuşanın yayının ayrı, qışının ayrı gözəl olduğunu yazıb: “Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür”.

Ə.Səncər isə keçirdiyi mətbuat konfransında deyib ki,  İkinci Qarabağ müharibəsi və qazanılan zəfər Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük qələbəsidir:

“Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım. 44 gün davam edən Vətən müharibəsini hər gün izləyirdim”.

O xatırladıb ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib: 

"Özümə söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam ki, ölsəm gözüm arxada qalmasın. Allaha çox şükür ki, arzumu yerinə yetirdim".

Alimin Şuşaya səfərini və Şuşa ilə bağlı dünyaya verdiyi mesajları “Sherg.az” a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, Ə.Səncər adı türk dünyasının tarixinə qızıl hərflərlə yazılan böyük şəxsiyyətlərindən biridir:

“Onun  Azərbaycana gəlişi, Cənab Prezidentimizlə görüşü, Şuşaya səfəri və fikirlərini ifadə etməsi ondan xəbər verir ki, Şuşa müqəddəs bir ziyarətgaha çevrilib. Görkəmli alim bununla Azərbaycan və türk dünyası əleyhinə olan ölkələrə də bir mesaj verdi. Buna görə də dünya şöhrətli alimin addımını yüksək qiymətləndirmək lazımdır. Eyni zamanda Türk dünyasının böyük qurtuluş savaşından sonra tək 44 günlük müharibədə qələbə qazandıq. Bu, yalnız Ermənistana deyil, eyni zamanda dünyanın çox böyük güc mərkəzlərinə qarşı idi. 200-250 ildən sonra ilk dəfə onlar üzərində öz qələbəmizi elan etdik”. 

E.Məmmədov həmçinin əlavə edib ki, görkəmli şəxsiyyətin elmə münasibəti müqəddəs kitabımızın ayələrində də öz əskini tapıb:

“Zamanında Həzrəti peyğəmbərimiz bu fikirləri səsləndirib. İnsanlıq mövcud olandan bu günə qədər və sonra elmə, biliyə yüksək səviyyədə qiymət verilib. Həmçinin veriləcək. Hansı dövlət güclü, inkişaf etmiş olmaq istəyirsə, o, elmə, biliyə yer verməli, müdafiə etməlidir. Elmsiz inkişaf, güclənmək, dünyaya inteqrasiya, nüfuz qazanmaq mümkün deyil. Hesab edirəm ki, Azərbaycan Respublikasında bu məsələ həmişə diqqətdə saxlanılıb. Böyük alimin elmə olan münasibəti hamı tərəfindən alqışlanan, bəyəniləndir. Təbii ki, hər hansı dövlət cəhalət içində yaşasa, elmsiz olsa, o dövlətin nəyi ola bilər ki?! Ona görə də təhsilə, bu sahədə çalışanlara hər zaman diqqət və qayğı göstərmişik, göstəririk və göstərəcəyik”.