Dönüş nöqtəsi...

20 Yanvar milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. Ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi. Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi. 

Xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan olundu. 

20 Yanvar faciəsinin üzərindən 32 il keçir. Lakin beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə siyasi-hüquqi qiymətləndirmə hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

Millət vəkili, tarixçi-alim, professor Musa Qasımlı deyib ki, 20 Yanvar qətliamı SSRİ-nin dağılmasının başlanğıcını qoydu. Deputatın sözlərinə görə, Azərbaycan xalqına qarşı cinayət törətmiş Kommunist Partiyasının sıralarından üzvlərin istefa verməsi SSRİ-nin ideoloji əsaslarına zərbə vurdu: 

“Azərbaycan xalqı şəhidlərinin ruhuna ehtiram olaraq 40 gün yas saxlayıb işləməməklə vahid iqtisadi zəncirlə bir-birinə bağlı olan sovet iqtisadiyyatını dağıtdı. Moskvada sərt nəzarət altında yaşamasına baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri ittiham etdi. Azərbaycan bundan sonra yolunun Mərkəz ilə bir olmayacağını qətiləşdirdi və müstəqillik yolunu tutdu. 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların uğrunda mübarizə apardıqları məqsəd yerinə yetirilib. Cənab Prezidentimiz İlham Əliyevin komandanlığı altında sabitlik və güclü dövlət şəraitində millətimizin bağrından çıxan Ordumuz işğal altında olan torpaqlarımızı azad edib. 20 Yanvardan alınan bir sıra ibrət dərsləri var. Millətimizin gələcəyinin və qarşısına qoyduğu məqsədlərə çatmasının təməlində  sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır”.

Millət vəkili, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov da bildirib ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda  ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Deputat vurğulayıb ki, 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub: 

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların böyük bir  kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməyib. 20 Yanvar faciəsinin törədilmə səbəblərindən bəlli olur ki, bu, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilib. Kütləvi insan qırğını törədilərkən tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilib. Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılıb. Fövqəladə vəziyyət elan edildikdən sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Ölkənin digər rayonlarında yanvarın 25-də Neftçala, yanvarın 26-da isə Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə respublikada 147 nəfər öldürüldü. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular”.

Parlament üzvü qeyd edib ki, Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub: 

“Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb. Xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirələri xalqımızın qəlbində əbədi yaşayacaq”.