Gürcüstan TDT ölkələrinə ortaq sərhəd-keçid məntəqələrinin yaradılmasını təklif edib

Gürcüstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ortaq layihələrin həyata keçirilməsini təklif edib.

24News.ge xəbər verir ki, bu təkliflə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin rəhbəri Zurab Siçinava Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxış edib.

O qeyd edib ki, təklif olunan layihələrə ortaq sərhəd-keçid məntəqələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi, eləcə də tranzitin asanlaşdırılması daxildir.

Departament rəhbəri bildirib ki, xüsusilə Gürcüstan yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulduqdan sonra bu təşəbbüslərin əhəmiyyəti daha da artacaq.

Z. Siçinava əlavə edib ki, bu il TDT-yə üzv ölkələr üçün əsas prioritet gömrük vasitəsilə effektivlik, rifah və təhlükəsizliyin təmin edilməsidir. Bu üç əsas istiqamət üzrə işlər davam etdirilməlidir.