Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq olunarsa, bu, “dərin dövlət”in Böyük Britaniyanı Ukrayna, Litva, Estoniya və Avropa Parlamenti səviyyəsinə endirdiyini açıq şəkildə nümayiş etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının bəyanatında deyilir.
Sənəddə bildirilir ki, bu gün heç bir əsas olmadan Gürcüstanı avtoritar idarəçilikdən xilas edən, ölkəyə demokratik keçid gətirən, sistemli qətl və işgəncə təcrübəsinə, biznes reketliyinə, medianın qəsbinə son qoyan hakim partiyanın liderini sanksiyalarla hədələyirlər.
“Sanksiyalar tətbiq olunarsa, Böyük Britaniyanın qanunun aliliyinə və fundamental insan hüquqlarına əsaslanan bir dövlət kimi nüfuzu keçmişdə qalacaq”, - bəyanatda deyilir.
Qeyd edək ki, Böyük Britaniyanın İcmalar Palatasına B.İvanişviliyə sanksiyaların tətbiqi ilə bağlı müraciət daxil olub. Sənədi palatanın 14 üzvü imzalayıb.