“Danışıqlar aparılmalıdır. Bəlkə, bu ilin sonu hadisələrin nəticəsinə yaxınlaşa bilərik"
Mayın 13-də Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında Düşənbədə görüş keçiriləcək.
Nazirlərin MDB XİN Başçıları Şurası çərçivəsində bir araya gələcəyi vurğulanıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı yaxın vaxtlarda görüş keçirəcəklərini açıqlamışdı.
Görüşdən gözləntiləri "Sherg.az"a şərh edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun qənaətincə, Düşənbə görüşündə nəticənin əldə olunması mümkün deyil:
"Mövqelər bir-birinə həddindən artıq uzaqdır. Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 baza prinsipinə ermənilər əlavə 6 şərt irəli sürüblər. Mahiyyətini demirlər. Lakin iki məsələ aydındır. Birincisi, sülh sazişinə Qarabağın "status"unu salmaq , ikincisi isə danışıqlar prosesinə ATƏT-in Minsk qrupunu daxil etmək istəyirlər. Bu qeyri-mümkündür. Azərbaycan istəmir, Rusiya da əleyhinədir. Minsk qrupunun mövcudluğundan söz açmaq imkansızdır. Belə şəraitdə danışıqlarda hansısa müsbət nəticəni gözləmək anlamsızdır. Ancaq proses başlayıb. Müxtəlif vasitəçilərin yardımı ilə danışıqları surətləndirmək istəyi var.
Təşkilat sədri Ermənistanın da sülh istədiyini vurğulayıb:
"Lakin onların real sülhü qəbullanmağa gücü yoxdur. Erməni hakimiyyəti Qarabağın “müstəqilliyindən” imtinanı təklif etdi. Neçə gündür etiraz aksiyaları keçirir. Erməni cəmiyyəti də təsdiqləməyə hazır deyil. Qərb deyir, “müstəqillikdən” imtina edin. Qısa müddət ərzində nəticəyə gəlmək olmaz. Danışıqlar aparılmalıdır. Bəlkə, bu ilin sonu hadisələrin nəticəsinə yaxınlaşa bilərik".